...

Azərbaycanın Təhsil Nazirliyi elektron xidmətlərin tətbiqinə başlayıb

Cəmiyyət Materials 2 Mart 2012 10:51 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi elektron xidmətlərin tətbiqinə başlayıb.
Azərbaycanın Təhsil Nazirliyi elektron xidmətlərin tətbiqinə başlayıb

Azərbaycan,Bakı, 2 mart / Trend, müxbir H.Vəliyev /

Təhsil Nazirliyində elektron xidmətlərin tətbiqinə başlanılıb. Trend-in məlumatına gögrə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq Təhsil Nazirliyində elektron hökumət xidmətləri interaktiv və informasiya istiqamətləri üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi Təhsil Nazirliyinin www.edu.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir.

İnteraktiv xidmətlərə "Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə", "Tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanların nəticələri haqda məlumatların əldə edilməsi", "Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün ərizələrin qəbulu, imtahanların keçirilməsi və imtahan nəticələri haqda məlumatların əldə edilməsi", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə elektron ərizələrin qəbulu", Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların əldə edilməsi (Valideyin Nəzarət Sistemi) kimi bloklar daxildir.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı bölmədə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament, müəllimlərin işə qəbulu üzrə elektron ərizə, şəxsi kabinet, namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair Təlimat, test suallarının cavablandırılmasına dair Təlimat və s. funksionallar və məlumatlar yerləşdirilmişdir.

"Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə" bölməsində ərizələr e-məktəblərdə 2012-ci ilin avqustundan qəbul edilməyə başlayacaqdır. Sonra isə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş digər məktəblərin şagirdləri və valideynlər "Ümumi təhsil müəssisələrində sınaq və yekun buraxılış imtahanlarının nəticələri" bölməsi vasitəsilə imtahanların nəticələri ilə tanış ola biləcəklər.

"Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələri haqqında məlumatların əldə edilməsi" istiqaməti üzrə Fləş texnologiyaları əsasında interkativ "Məktəb xəritəsi" proqramı (www.schoolmap.edu.az) qurulmuşdur. Həmçinin məktəb haqqında lazım olan ətraflı məlumatları özündə birləşdirən (www.ned. edu.az) Milli Təhsil Məlumat Bazası yaradılmışdır.

Məlumat bazasında məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin siyahısı, əlaqə nömrələri , ünvanları, sayt və elektron poçt ünvanları göstərilmişdir.
Təhsil Nazirliyinin internet səhifəsindən həmçinin elektron xidmətlər vasitəsilə Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələrinə qəbul qaydaları, ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi, təhsil müəssisələrində təhsil alanların təhsil müəssisələrini dəyişmək qaydaları, de-institutlaşma və uşaqların müdafiəsi barədə məlumatların əldə edilməsi, Təhsil Nazirliyinin rəhbər işçiləri ilə əlaqəsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları və etik standartlar modeli haqqında məlumatları almaq olar.

Xəbər lenti

Xəbər lenti