...

Azərbaycanda jurnalistlər üçün xüsusi klinika olmalıdır?

Cəmiyyət Materials 9 Mart 2012 15:16 (UTC +04:00)
Mətbuat Şurası hesab edir ki, bəzi ölkələrdə olduğu kimi, indiki halda Azərbaycanda da jurnalistlər üçün xüsusi klinikanın yaradılması mümkün deyil.
Azərbaycanda jurnalistlər üçün xüsusi klinika olmalıdır?

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Mehdiyev/

Mətbuat Şurası hesab edir ki, bəzi ölkələrdə olduğu kimi, indiki halda Azərbaycanda da jurnalistlər üçün xüsusi klinikanın yaradılması mümkün deyil.

"Jurnalistika elə bir sahədir ki, bu sahədə fəaliyyət göstərən orqanlar müstəqildir, onların ayrıca bir yerə toplanmış maliyyə vəsaiti yoxdur və buna görə də hələ ki biz belə bir klinika yarada bilmərik", - bunu cümə günü Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

O qeyd edib ki, jurnalislər üçün xüsusi klinikanın olması çox yaxşı olardı, yəni insanlar müalicəyə az vaxt itirərdilər, hərənin öz hospitalı olanda xidmətin səviyyəsi daha yüksək olur. Ancaq bunu o qurumlar edə bilirlər ki, onların maddi imkanı var.

Onun sözlərinə görə, dövlət mətbuata dəstək verir, lakin dövlətin jurnalistlər üçün klinikakar, istirahət evləri və ya sanatoriyalar tikməsi Avropa standartlarına uyğun deyil.

"Haradasa ola bilər ki, gələcəkdə nəhəng bir televiziya şirkəti yaransın, onun imkanı olsun, özü üçün belə bir klinika yaratsın və başqa jurnalistlər də güzəştli şərtlərlə onun xidmətlərindən istifadə etsin. Ancaq indiki halda bunun üçün maliyyə olmadığına görə, çətin görünür, bunu mümkün hesab etmirəm", - Sadıqov deyib.

Xəbər lenti

Xəbər lenti