...

Azərbaycanda sahə həkimlərinin müalicə edə biləcəyi psixiatrik xəstəliklərin siyahısı hazırlanıb

Cəmiyyət Materials 9 Mart 2012 15:26 (UTC +04:00)
Səhiyyə Nazirliyi sahə həkimlərinin ilkin diaqnoz qoyaraq müalicə edə biləcəyi psixiatrik xəstəliklərin siyahısını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.
Azərbaycanda sahə həkimlərinin müalicə edə biləcəyi psixiatrik xəstəliklərin siyahısı hazırlanıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi sahə həkimlərinin ilkin diaqnoz qoyaraq müalicə edə biləcəyi psixiatrik xəstəliklərin siyahısını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu cümə günü Trend-ə Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, həmin siyahıya nevrotik, isterik pozuntular, yüngül depressiyalar və affektiv pozuntuların ağır olmayan formaları daxildir.

"Psixiatriya yardımı haqqında" qanuna yeni dəyişiklik edilənədək sahə həkimlərinin psixiatriya diaqnozunu qoyub xəstəyə psixotrop dərman yazmasına icazə verilmirdi. Qanuna edilən yeni dəyişiklərdən sonra isə sahə həkimləri də psixi pozuntusu yüngül və ağır formada olan xəstələrə ilkin diaqnoz qoyaraq onu müalicə edə bilərlər.

"Onlar üçün əsas şərt odur ki, xəstənin çox ciddi psixi pozuntusu olmasın. Məsələn, xəstənin davranışında özünə qəsd, yaxud başqalarına təhlükə yaradan psixotik hallar (6 ay və daha artıq davam edən) olmasın", - baş psixiatr bildirib.

O əlavə edib ki, sahə həkimlərinin qoyduqları psixiatrik diaqnoz ekspertiza, sosial məsələlərin həlli, o cümlədən pensiyanın təyinatı üçün əsas sayılmayacaq.

Gəraybəyli sahə həkimlərinin psixiatrik yardım göstərməsi zərurətinin yaranma səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da psixiatrların sayı kifayət qədər deyil.

"Bəzi insanlar var ki, psixiatra getmək istəmirlər. Bununla yanaşı, elə ucqar kəndlər, yaşayış məntəqələri var ki, orada bircə sahə həkimi var. Ancaq köhnə qanuna əsasən, o, psixiatriya diaqnozunu qoyaraq xəstəyə psixotrop dərman yaza bilməz. İndi sahə həkimlərinə ixtiyar verilir ki, onlar əhaliyə hər sahə üzrə, o cümlədən vacib sahələrdən olan psixiatriya sahəsi üzrə yardım göstərsinlər", - Gəraybəyli əlavə edib.

O, siyahı təsdiqləndikdən sonra bu barədə poliklinikalara məlumat veriləcəyini də söyləyib.

Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev isə Trend-ə deyib ki, isterik pozuntusu olan insanlar psixiatiya, nevroz, psixoz ola bilər. İsterik pozuntular nevrotik pozuntulardan fərqlənir. İsterik pozuntusu olan insan nevroz da, psixoz da ola bilir. Amma psixoza nisbətən nevroz daha yüngül pozuntudur. Nevroz olan insanlarda sayıqlama və qarabasmalar olmur. Psixoz xəstələrdə isə həmişə sayıqlamalar, qarabasmalar olur. Affektiv pozuntular isə emosional mənşəli olur.

Xəbər lenti

Xəbər lenti