...

Azərbaycanın bəzi çaylarında daşqınlar gözlənilir

Cəmiyyət Materials 13 Mart 2012 11:24 (UTC +04:00)
Bu il Azərbaycanın çaylarında gur sululuq müşahidə ediləcək, dağ çaylarında isə qısa müddətli daşqınların baş verəcəyi gözlənilir.
Azərbaycanın bəzi çaylarında daşqınlar gözlənilir

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir İ.İsabalayeva/

Bu il Azərbaycanın çaylarında gur sululuq müşahidə ediləcək, dağ çaylarında isə qısa müddətli daşqınların baş verəcəyi gözlənilir. Bunu çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dağ çaylarında qısa müddətli daşqınların yalnız qar ehtiyatının əriməsi hesabına deyil, həm də düşən yağıntıların hesabına baş verəcəyi gözlənilir.

Azərbaycanda gur sululuq daha çox Böyük Qafqazın çaylarında müşahidə ediləcək. Kür çayının gur sululuğu isə daha çox Gürcüstanda toplanan qar ehtiyatından asılı olacaq. Hazırda Azərbaycanla yanaşı, həmin ölkədə qar ölçmə işləri aparılır.

Ümumilikdə ölkə üzrə toplanan qar ehtiyatının hündürlüyü ötən ilə nisbətən çoxdur. Amma havaların şaxtalı keçməsi ilə əlaqədar qar ehtiyatının sululuğu ötən ilə nisbətən azdır. Bu il daha çox qar ehtiyatı Balakən, Zaqatala, Şəki, Qax rayonlarındadır. Bu rayonların bəzi dağlıq ərazilərindəki çökəklik yerlərdə qar örtüyünün hündürlüyü 1 metrə qədərdir.

Verdiyev bildirib ki, Daşkəsən rayonunda qar ölçmə işləri başa çatıb. Bu rayonun dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 40-60 sm-dir.

Hazırda Gədəbəydə qar ölçmə işləri apardıqlarını deyən baş hidroloqun sözlərinə görə, burada qar ehtiyatının hündürlüyü Daşkəsənə nisbətən azdır - 20-40 sm.

Xəbər lenti

Xəbər lenti