...

İranda maliyyə fırıldaqlığında ittiham olunanların növbəti məhkəmə iclası keçirilir

Cəmiyyət Materials 17 Mart 2012 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Cəfərov/

İranda 2,8 milyard dollarlıq maliyyə qalmaqalında ittiham olunan şəxslərin növbəti məhkəmə iclası keçirilir. Bu barədə şənbə günü Trend "Fars" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, sayca üçüncü olan məhkəmə iclasında ittiham olunan şəxslərdən 18-i iştirak edir.

Bundan əvvəlki məhkəmə iclası martın 11-də keçirilmişdi.

İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi bundan əvvəl demişdi ki, 2,8 milyard dollarlıq maliyyə qalmaqalı ilə bağlı daha 27 nəfər həbs olunub, 50 nəfər barəsində isə cinayət işi açılıb.

Əjeyi bildirib ki, ötən ay ərzində 2,8 milyard dollarlıq maliyyə qalmaqalı ilə bağlı 126 nəfər istintaqa cəlb olunub ki, onlardan 106 nəfər hadisə ilə bağlı ittiham olunan şəxslərdir.

Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallarından birində (LC) kredit xətti açaraq Bank Melli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.

Hadisə ilə bağlı Bank Melli İranın direktoru Məhəmmədrza Xavəri istefa verib və Kanadaya qaçıb. Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar. Bundan başqa, noyabrın əvvəlində İran Mərkəzi Bankının sədr müavini Həmid Purməhəmmədi və İran Prezidenti Administrasiyasının sabiq rəhbəri, Prezident Ofisinin başçısı İsfəndiyar Rəhim Məşayinin yaxın qohumu İnayətullah Riyahi də həbs olunub.

2011-ci ilin iyun ayında da Prezident Mahmud Əhmədinejad və Prezident Administrasiyasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın bir neçə nəfər korrupsiyada ittiham olunaraq həbs olunublar.

Xəbər lenti

Xəbər lenti