...

Baş Prokurorluğun əməkdaşları İtaliyada keçirilmiş tədbirdə iştirak ediblər

Cəmiyyət Materials 27 Mart 2012 17:33 (UTC +04:00)
"İqtisadi və maliyyə cinayətlərinin aşkar edilməsi, istintaqı və kriminallaşdırılması sahəsində standartların müəyyən edilməsi" mövzusunda ixtisaslaşmış regional treninq-seminar keçirilib.
Baş Prokurorluğun əməkdaşları İtaliyada keçirilmiş tədbirdə iştirak ediblər

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir K.Zərbalıyeva/

"İqtisadi və maliyyə cinayətlərinin aşkar edilməsi, istintaqı və kriminallaşdırılması sahəsində standartların müəyyən edilməsi" mövzusunda ixtisaslaşmış regional treninq-seminar keçirilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbir İtaliyanın Serakuza şəhərində Avropa Şurasının Şərq Tərəfdaşlığının Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə layihəsi çərçivəsində həmin qurumun Kriminalistika sahəsində Ali Elmi Tədqiqatlar İnstitutu (ISISC) ilə birgə təşkil olunub.

Ukrayna, Moldova və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Bazel İdarəçilik İnstitutunun Əmlakın bərpası üzrə Beynəlxalq Mərkəzinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması sahəsində ixtisaslaşmış ekspertləri tərəfindən seminar iştirakçılarına cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi, izlənməsi, üzərinə həbs qoyulması, müsadirəsi, habelə bu sahədə beynəlxalq əməkdaşlıq vasitə və alətləri barədə ətraflı mühazirələr oxunub.

Eyni zamanda, qabaqcıl dünya ölkələrinin qeyd olunan sahədə formalaşmış istintaq və məhkəmə təcrübəsi, mövcud qanunvericilik və beynəlxalq standartlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında aktiv iştirak edib, habelə interaktiv şəkildə keçirilən təlim zamanı onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirdə Azərbaycanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev, şöbə prokuroru Rəşid Mahmudov, həmçinin Sumqayıt Apelyasiya və Xəzər rayon məhkəmələrinin hakimləri təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti