...

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadları üzə çıxarılacaq

Cəmiyyət Materials 2 Aprel 2012 15:01 (UTC +04:00)
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqlar üzə çıxarılacaq.
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadları üzə çıxarılacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqlar üzə çıxarılacaq. Bu məqsədlə "Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək" İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sən tək deyilsən!" layihəsini həyata keçirəcək.

Layihənin rəhbəri Salam Əliyev bazar ertəsi Trend-ə deyib ki, hazırda Azərbaycanda 60 mindən çox əlil uşağın təhsil almaq imkanı olsa da, onlardan yalnız 10 mini məktəbə gedə bilir.

Layihə rəhbərinin sözlərinə görə, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların bilik və bacarıqlarını araşdıran və onları üzə çıxaran təşkilatlar demək olar ki yoxdur. Layihənin də əsas prioritet məsələsi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarını üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaq, bu bilik və bacarıqların istifadəsinə istiqamət vermək və şərait yaratmaq, belə uşaqların cəmiyyətə adaptasiyasını təmin etməkdir.

Layihədən Bakı şəhəri Nərimanov, Xətai, Nizami, Yasamal rayonlarında yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri faydalanacaqlar.

Əliyev bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında xüsusi istedada malik olanları müəyyən etmək üçün sosial işçilər pedaqoq və psixoloqlarla birgə ailələrə səfərlər edəcək, uşaqların valideynləri ilə maarifləndirmə işi aparacaqlar, psixo diaqnostik testlər və s. həyata keçiriləcək.

Bu il aprelin 1-dən başlayan və avqustun 1-dək davam edəcək layihədə xüsusi qayğıya ehtiyacı olan 240 uşaq iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti