Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ilk dəfə olaraq, hotellərdə yerlərin onlayn bronlaşdırılmasını həyata keçirmək üçün sayt istifadəyə verilib. Bunu cümə axşamı Trend-ə "Millennium" turizm şirkətinin marketinq direktoru Kürban Abbasov deyib.
Onun sözlərinə görə, www.azerbaijanbooking.com adlanan sayt Türkiyədə onlayn bronlaşdırmanı həyata keçirən "TürkOotels" şirkəti ilə birgə yaradılıb. Sayt vasitəsilə insanlar dünyanın istənilən yerindəki hotellərin rezervasiyasını həyata keçirə biləcəklər. İndiyədək isə insanlar onlayn bronlaşdırmanı turizm agentlikləri vasitəsilə həyata keçiriblər.
"İnsanlar turizm agentliklərinə müraciət edərək yer bron edirlər. Amma hər bir insan üçün rahat olanı budur ki, evdə oturaraq hoteldə yer bronlaşdırsın, boş yerlər və qiymətlər barədə məlumat alsın", - Abbasov əlavə edib.
O deyib ki, bronlaşdırma həm Azərbaycan, həm də dünyadakı hotellər üzrə olacaq. Hazırda bunun üçün xaricidəki hotellər və bronlarla bağlı məlumatlar toplanılır. Azərbaycan üzrə hotellər də bu bazaya tədricən daxil ediləcək.
Şirkətin marketinq direktoru saytdan istifadənin ödənişsiz olduğunu da bildirib.