...

Azərbaycanda tələbələrin təhsili üçün daha bir yenilik

Cəmiyyət Materials 17 Aprel 2012 10:19 (UTC +04:00)
Azərbaycanın ali məktəblərində tələbələr indiyə qədər adət edilən formada deyil, yeni formada qruplaşdırılacaqlar. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycanda tələbələrin təhsili üçün daha bir yenilik

Azərbaycan, Bakı, 17 aprel /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərində tələbələr indiyə qədər adət edilən formada deyil, yeni formada qruplaşdırılacaqlar. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, artıq ali məktəblərdə tələbələr üçün fənlər üzrə qruplar yaradılacaq. Bu fənn qruplarında eyni ixtisas üzrə təhsil alan, müxtəlif tədris ilinin, yəni müxtəlif kursların tələbələri oxuyacaq. Məsələn, fizika ixtisası üzrə təhsil alan tələbələr üçün onların keçdikləri hər hansı fənn üzrə bir qrup yaradılacaq və bir müəllim dərs deyəcək.

Ali məktəblərdə fənlər üzrə qrupların yaradılmasına tələbənin I tədris ilindən, yəni I kursdan başlanılsa da, həmin ildə qruplar universitetin tədris qrafikinə uyğun yaradılacaq. Yəni universitet özü birinci tədris ilinin tələbələrinə hansı fənlər üzrə dərsin keçilməsini müəyyən edəcək. Sonrakı illərdə isə tələbələr özləri fənləri seçdiyi üçün universitet rəhbərliyi tələbələrin seçdikləri fənlər üzrə və onların sayından asılı olaraq, qruplar yaradacaq. Qruplarda minimum 15, maksimum 30 tələbə olmalıdır.

Qrupların yaradılması üçün tələbələrin fərdi tədris planları əsas götürüləcək. Tələbələr həmin tədris planlarında hansı fənləri keçmək istədiklərini bildirirlər. Ali məktəblərin dekanlıqları da həmin fərdi tədris planlarına əsasən, hər hansı fənn üzrə təhsil almaq istəyən tələbələrin sayını müəyyən edəcəklər. Hər hansı fənni keçmək üçün minimum 15 tələbə müraciət edildiyi halda, artıq müraciət edilən fənn üzrə qrup açılacaq. Amma müraciət edən tələbələrin sayı az olduqda dekanlıq tələbəyə başqa fənn üzrə dərs keçə bilmək imkanının olduğunu bildirəcək.

Hesab edilir ki, fənn qruplarının yaradılması tələbələr üçün çox faydalı olacaq. Bu, daha çox akademik borcu, yəni kəsiri olan tələbələr üçün sərfəli sayılır. Çünki bu halda tələbə istədiyi vaxt kəsiri olduğu fənni götürərək həmin fənn üzrə yenidən dərs keçə biləcək və bununla da akademik borcunu ləğv etdirə biləcək.

Hazırda layihə formasında olan bu yeniliyin 2012-2013-cü tədris ilindən tətbiq ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti