Azərbaycan, Bakı, 17 aprel /Trend/
Amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi təyin edilib. Bu barədə Trend çərşənbə axşamı "Frans Press" agentliyinə istinadən məlumat verir.
"O, özünün yeni vəzifəsində diqqəti əhalinin kütləvi şəkildə yerdəyişməsi ilə müşayiət olunan irimiqyaslı böhranlarla bağlı işə cəmləşdirməlidir və Komissarlığı və ali komissar Antonio Quterrişi diplomatik səviyyədə təmsil edəcək", - Cenevrədəki brifinqdə Qaçqınlar üzrə Ali Komissarlığın rəsmi nümayəndəsi Edrian Edvards deyib.
Onun sözlərinə görə, bu, müstəsna vəzifədir.
Coli təkcə özünün kinodakı işləri ilə deyil, həm də humanitar fəaliyyətlə məşhurdur. Aktrisa dünyanın ən təhlükəli regionlarına tez-tez səfərlər edir. Bundan başqa, o, bütün dünyada qadın və uşaq hüquqları uğrunda mübariz kimi də tanınır.