...

Azərbaycanda psixi pozuntusu olan xəstələr üçün xüsusi komandalar yaradılacaq

Cəmiyyət Materials 20 Aprel 2012 15:13 (UTC +04:00)
Azərbaycanda psixi sağlamlıq sahəsində müalicə-profilaktika tədbirlərinin yaxşılaşdırılması məqsədilə psixi pozuntusu olan xəstələr üçün xüsusi multidissiplinar komandalar yaradılacaq.
Azərbaycanda psixi pozuntusu olan xəstələr üçün xüsusi komandalar yaradılacaq

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda psixi sağlamlıq sahəsində müalicə-profilaktika tədbirlərinin yaxşılaşdırılması məqsədilə psixi pozuntusu olan xəstələr üçün xüsusi multidissiplinar komandalar yaradılacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən cümə günü Trend-ə bildirilib ki, sovet dövründən qalma sistemə görə, psixi pozuntusu olan xəstələrlə əsasən psixiatr-həkimlər işləyir. Ancaq indi belə xəstələrlə psixiatr-həkimlərlə yanaşı, psixoloq, sosial işçi, hüquqşünasların da işləməsi nəzərdə tutulur.

Bu məqsədlə psixiatr-həkimin rəhbərliyi ilə psixoloq, sosial işçi, hüquqşünasdan ibarət xüsusi komandalar yaradılacaq. Komandalar psixi pozuntu ilə əlaqədar xəstəxanada müalicə edilən xəstələr evə buraxıldıqdan sonra onlarla işləyəcəklər. Komanda xəstələrin xəstəxanadan evə buraxıldıqda yenidən xəstəxanaya qayıtmasının qarşısını almaq üçün evlərdə onlara yardım göstərəcək, dərmanların vaxtlı-vaxtında qəbul olunmasına nəzarət edəcək, onların müxtəlif problemlərini həll edəcək, xəstələrə öz vəziyyətinə hansı formada nəzarət etməsini öyrədəcəklər.

Komanda bu xidməti göstərmək üçün xəstəni tibb müəssisəsinə də dəvət edə bilər. Hazırda belə xidmətlər xəstələrə yalnız inkişaf etmiş ölkələrdə göstərilir. Azərbaycanda bu xidmət ÜST ilə Psixi Sağlamlıq Mərkəzinin birgə əməkdaşlığı nəticəsində tətbiq ediləcək. Ötən ilin mayında Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş Psixi Sağlamlıq üzrə Strategiyada da bu məsələ öz əksini tapıb.

Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev isə cümə günü Trend-ə deyib ki, belə komandalar əvvəlcə eksperiment kimi Bakıda yaradılacaq. Komandanın fəaliyyəti uğurlu olarsa, onun əhatə dairəsi genişləndiriləcək. Bu komandalar, əsasən, psixoloji durumu ağır vəziyyətdə olan xəstələrə yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti