...

TQDK sədri Azərbaycanın orta məktəblərinin direktorlarına xəbərdarlıq edib

Cəmiyyət Materials 23 Aprel 2012 13:17 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib.
TQDK sədri Azərbaycanın orta məktəblərinin direktorlarına xəbərdarlıq edib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, Abbaszadə bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və korrupsiyada hallandırılsa da, artıq buna son veriləcək.

"Bütün direktorlar və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək", - Abbaszadə əlavə edib.

Bu il ali məktəblərə buraxılış imtahanlarının çox şəffaf keçiriləcəyini deyən TQDK sədri valideynlərə də müraciət edib.

"Əgər indiyə qədər nə isə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar olmayacaq. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafiq dəyişikliklər aparılacaq, lakin bu dəyişikliklərin konkret nədən ibarət olacağı hələ müəyyən deyil.

Abbaszadə orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçirilməsini də şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib.

İmtahan suallarının asan olacağını deyən TQDK sədrinin sözlərinə görə, indiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün idi. Ancaq bundan sonra buraxılış imtahanlarına əlavə vasitələr buraxılmayacaq. Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti