...

BMT-nin baş katibi üzv dövlətləri ifadə azadlığının inkişafına töhfə vermək üçün gücləri birləşdirməyə çağırır

Cəmiyyət Materials 23 Aprel 2012 14:39 (UTC +04:00)
BMT-nin baş katibi təşkilata üzv dövlətləri, media və qeyri-hökumət təşkilatlarını özünü sərbəst ifadə etmək azadlığının inkişafına töhfə vermək üçün BMT ilə gücləri birləşdirməyə çağırır.
BMT-nin baş katibi üzv dövlətləri ifadə azadlığının inkişafına töhfə vermək üçün gücləri birləşdirməyə çağırır

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

BMT-nin baş katibi təşkilata üzv dövlətləri, media və qeyri-hökumət təşkilatlarını özünü sərbəst ifadə etmək azadlığının inkişafına töhfə vermək üçün BMT ilə gücləri birləşdirməyə çağırır.

Trend-in məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə üzv dövlətlərə müraciət edib.

Baş katib müraciətində bildirib ki, ifadə azadlığı ən dəyərli insan hüquqlarından biridir.

"Bu hüquq bütün digər azadlıqların əsası olub, insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün isə ən vacib amil azad, plüralist və müstəqil mediadır", - müracətdə deyilir.

Pan Gi Mun bildirib ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya və ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir.

"Mətbuat azadlığı dünyada bir çox ciddi təzyiqlərlə də üzləşir. Ötən il YUNESKO peşə fəaliyyətinə görə 62 nəfər jurnalistin öldürülməsi faktını qətiyyətlə pisləmişdi. Həmin jurnalistlər heç bir zaman unudulmamalı və bu cinayətlər cəzasız qalmamalıdır. Xəbərlərin internet vasitəsilə izlənməsi artdıqca, daha çox onlayn jurnalistlər, o cümlədən bloqçular peşə fəaliyyətlərinə görə təqib və hücuma məruz qalırlar. Onlar da ənənəvi media işçiləri ilə eyni dərəcədə qorunmalıdırlar", - müraciətdə deyilir.

Baş katib bildirib ki, BMT xüsusilə keçid dövrünü yaşayan və ya münaqişə sonrası bərpaya ehtiyacı olan ölkələrdə azad, plüralist və müstəqil media üçün hüquqi əsasları gücləndirməyə davam edəcək.

"İnformasiya izafiliyi yaşadığımız bir dövrdə gənclərə tənqidi düşüncə bacarığını və media savadlılığını inkişaf etdirməkdə yardım etməliyik. Ümumdünya Mətbuat Azadlığı Günü mətbuat azadlığı naminə mübarizə bayrağını qaldırmaq üçün bizə verilmiş bir imkandır", - müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti