...

Azərbaycanda sürücülərin 70 faizdən çoxu təhlükəsizlik kəmərlərindən istifadə etmir

Cəmiyyət Materials 23 Aprel 2012 16:56 (UTC +04:00)
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi, eyni zamanda, "Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrü"nün sülhməramlı səfiri olan Nigar Camalın iştirakı ilə "Həyat" Humanitar Təşkilatı "5 milyon həyatı xilas edə bilərik!" şüarı altında tədbir keçirib.
Azərbaycanda sürücülərin 70 faizdən çoxu təhlükəsizlik kəmərlərindən istifadə etmir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi, eyni zamanda, "Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrü"nün sülhməramlı səfiri olan Nigar Camalın iştirakı ilə "Həyat" Humanitar Təşkilatı "5 milyon həyatı xilas edə bilərik!" şüarı altında tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə "Yol qəzası simulyatoru" (Seatbelt Slide) aparatının və Nigar Camalın təhlükəsizlik kəmərlərinin taxılmasını təbliğ edən "Cant Let You Go" adlı mahnısına çəkilən klipin nümayişi olub.

Tədbirin məqsədi hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların həyatı üçün təhlükə qaynağı olan yol qəzalarının acınacaqlı fəsadlarının azaldılması ilə əlaqədar çağırışların irəli sürülməsidir.

"Onillik fəaliyyət" layihəsi qarşıdakı 10 il ərzində dünyada beş milyon insanı həyatını itirməkdən və 50 milyon insanı xəsarət almaqdan xilas etməyi planlaşdırır. Nigar Camal BMT-nin "Yolların təhlükəsizliyi ilə əlaqədar onillik fəaliyyət" layihəsinə töhfə olaraq nəqliyyat vasitələrində kəmərdən istifadəni artırmağı qarşısında məqsəd qoyan bir kampaniyaya rəhbərlik edir.

BMT-nin Baş Assambleyası 2 mart 2010-cu ildə 2011-2020-ci illəri "Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrü" elan etdiyi vaxtdan etibarən bir çox dünya ölkələri problemin ciddiliyini və təsir miqyasının böyüklüyünü dərk edərək bu aksiyaya fəal sürətdə qoşulub.

Azərbaycan da 2010-cu ildən proqramın aktiv üzvüdür. Keçən müddət ərzində Avtomobil və Cəmiyyət üçün Avtomobillərin Beynəlxalq Federasiyası Fondu (FIA Foundation) və Nəqliyyatın Təhlükəsizliyi və Müdafiəsi üçün Şərq Alyansı (NTMŞA və ya ingiliscə EASST) kimi nüfuzlu beynəlxalq və regional təşkilatlar Azərbaycanda tərəfdaş qeyri-hökumət təşkilatı kimi "Həyat" təşkilatı ilə sıx əlaqələr qurub.

"Həyat" Beynəlxalq Humanitar Təşkilatının keçirdiyi sorğu və müşahidələrə əsasən, Azərbaycanda sürücülərin 27,1 faizi kəmərlərdən istifadə edir. Bu göstərici ölkəmizdə aktiv maarifləndirmə və təbliğat kampaniyalarına böyük ehtiyac olduğunun bariz sübutudur.

Kəmərlərin sürücülər tərəfindən ciddi qəbul olunaraq istifadəsi ilə qısa müddətdə və az miqdarda maliyyə hesabına yol qəzalarında həyatını itirən insanların sayının azalmasına nail olunacaq. "Həyat" təşkilatı təhlükəsizlik kəmərinin effektiv işləməsini nümayiş etdirən "Yol qəzası simulyatoru"nu NTMŞA-dan və FIA Foundation-dan təmənnasız olaraq əldə etməyə nail olub. Həmin avadanlıq bir il ərzində ayda iki dəfə olmaqla ictimaiyyətin sıx olduğu yerlərdə quraşdırılaraq nümayiş etdiriləcək ki, bu da insanların təhlükəsizlik kəmərinə olan rəğbətini artırmış olacaq.

Xəbər lenti

Xəbər lenti