...

Bakının bəzi yerlərinə suyun verilişində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 24 Aprel 2012 11:46 (UTC +04:00)
Bakının bəzi ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bakının bəzi yerlərinə suyun verilişində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Axundov/

Bakının bəzi ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması və yay rejiminə hazırlıqla əlaqədar kompleks tədbirləri davam etdirir.

Təsdiq olunmuş proqrama uyğun olaraq, aprelin 24-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq.

Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılacaq, təmirə ehtiyac olan hissələr bərpa ediləcək, nasaz siyirtmələr yeniləri ilə əvəzlənəcək. Bununla əlaqədar aprelin 24-də Mehdiabad, Digah, Pirşağı, Məhəmmədi qəsəbələrinə, Bağlar zonası, Sovxoz adlanan əraziyə, həmçinin Sabunçu rayonunun şərq hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Cəmiyyətin yaydığı digər məlumata görə, abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə aprelin 24-də Nəsimi rayonunun S.Rəhimov küçəsində yeni çəkilmiş magistral xəttin (diametri 400 mm) şəbəkəyə qoşulması işləri aparılacaq. Bununla əlaqədar aprelin 24-də axşam saatlarına qədər Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S.Rəhimov, C.Hacıbəyli, Ə.Topçubaşov, R.Rza küçələrinə, Xətai prospektinə, həmçinin dəmiryol vağzalı ətrafı əraziyə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti