...

Azərbaycanın orta məktəb gündəliklərində reklamların yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 27 Aprel 2012 16:27 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində 1-5-ci sinif şagirdləri üçün nəzərdə tutulan gündəliklərdə reklamların yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib.
Azərbaycanın orta məktəb gündəliklərində reklamların yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində 1-5-ci sinif şagirdləri üçün nəzərdə tutulan gündəliklərdə reklamların yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib. Həmin gündəlikləri çap edən "Şərq-Qərb" Nəşriyyat Evinin direktoru Rasim Müzəffərli cümə günü Trend-ə deyib ki, gündəlik dərs vəsaiti deyil və kommersiya məhsuludur. Bu vəsaitin çapı dövlət tərəfindən maliyyələşdirilmir.

Xarici ölkələrdə də gündəliklərdə reklam yerləşdirmək təcrübəsinin olduğunu deyən Müzəffərlinin sözlərinə görə, bu gündəliklər Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Onun içindəki reklamlar isə nəşriyyatın kommersiya məhsuludur. Gündəlikdə reklamların seçimi "Şərq-Qərb" tərəfindən aparılır və nəşriyyat bu seçimdə sərbəstdir.

Amma nəşriyyat direktoru bildirib ki, onlar reklamların məzmununa olduqca diqqətlə yanaşıblar. O, belə hesab edir ki, bu vəsaitdə uşaqların tərbiyəsinə mənfi təsir göstərə bilən heç bir məlumat yerləşdirilməyib. Buna görə də narazılığa əsas yoxdur.

"Burada olan reklamların hamısı intellektual fəaliyyətlə bağlıdır. Reklamların mətnləri də məhz uşaqlar üçün nəzərdə tutulub. Çalışmışıq ki, gündəliyin içində olan reklamlar hansısa formada şagirdlər üçün faydalı olsun, ərzaq, geyim, saqqız reklamı olmasın. Bu gün reklama böyük vəsaitlər sərf edən şirkətlər məmnuniyyətlə burada öz adlarını görmək istərdilər. Gündəlikdəki reklamların xeyli hissəsi "Şərq-Qərb" nəşriyyatının özünə aiddir. Gündəlikdə reklamı gedən "Bakcell" şirkəti hər kəs üçün texnologiyalar təqdim edir. O, elə-belə sabun satan şirkət deyil. "Qafqaz İnkişaf Bankı"nın reklamı pulsuz yerləşdirilib. Çünki bu bank əlaçı şagirdlər üçün 100 min manat mükafat fondu ayırıb. Əlaçı şagirdlər dərs ilinin sonunda bu gündəliyi təqdim etməklə mükafatlandırmada iştirak edə bilərlər. Bunun nəyi pisdir ki?" - Müzəffərli əlavə edib.

Müzəffərli deyib ki, gündəlikdəki reklamlar 1-5-ci sinif şagirdləri üçün bir o qədər də maraqlı olmaya bilər. Amma onu da nəzərə almaq lazımdır ki, bu vəsaitdən yalnız uşaqlar istifadə etmir, ona şagirdlərin valideynləri, müəllimləri və s. baxırlar. Bu baxımdan gündəlikdə reklamların yerləşdirilməsi sərfəlidir.

Müzəffərlinin fikrincə, gündəlikdə reklamlar yerləşdirilməklə bu sahədə reklam bazarı da formalaşar. Gələcəkdə bu sahəyə reklam cəlbi hesabına gündəliklərin qiymətləri hətta aşağı da düşə bilər.

Müzəffərli növbəti tədris ilində 6-11-ci sinif şagirdləri üçün də belə formada gündəliklərin çap ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti