...

Ombudsmanın resurs mərkəzində Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Cəmiyyət Materials 1 May 2012 18:59 (UTC +04:00)
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki Liderlik məktəbində Şuşanın işğalının iyirminci ildönümü ilə bağlı tədbir keçirilib.
Ombudsmanın resurs mərkəzində Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 1 may /Trend/

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki Liderlik məktəbində Şuşanın işğalının iyirminci ildönümü ilə bağlı tədbir keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə təşkil olunmuş tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Pərvin Ahənçi, Ombudsman Aparatının əməkdaşları, QHT-lərin nümayəndələri, məktəbin yetirmələri və valideynlər iştirak ediblər.

Torpaqlarımızın azadlığı uğrunda, həmçinin Şuşa şəhərinin müdafiəsi zamanı canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ombudsman çıxış edərək Azərbaycanın tarixi mədəniyyət beşiyi olan, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı ən böyük yurd yerlərimizdən olan Şuşanın işğalından iyirmi il keçdiyini, bu təcavüzün Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri davam edən işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib, Qarabağın tacı olan Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Minlərlə qiymətli eksponatı olan muzeylər talan edilib, yüzlərlə mədəniyyət abidəsi, həmçinin təhsil və səhiyyə ocaqları dağıdılıb.

Ombudsman Azərbaycan tərəfinin bu münaqişənin sülh yolu ilə həllinə daim çalışdığını qeyd edib. Müvəkkilin Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat verdiyi, bu bəyanatın ingilis dilinə çevrilərək nüfuzlu beynəlxalq qurumlara, xarici ombudsmanlara ünvanlandığı iştirakçıların diqqətinə çatdırılıb. Süleymanova Liderlik məktəbinin yetirmələrini Vətənə məhəbbət ruhunda formalaşmağa, doğma Azərbaycanın müdafiəsinə hazır olmağa, habelə biliklərə mükəmməl yiyələnməyə çağırıb.

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru Pərvin Ahənçi çıxışında işğal olunanadək Şuşada 25 mindən çox əhalinin yaşadığını, gözəl təbiəti ilə məşhur olan bu şəhərin turizm məkanı, istirahət güşəsi kimi tanındığını, nadir tarixi-memarlıq abidələri ilə zənginliyini diqqətə çatdırıb. O, Ermənistan silahlı qüvvələrinin və onların havadarlarının hücumuna məruz qalan bu şəhərin müdafiəçilərinin sonadək fədakarlıqla döyüşdüyünü və könüllülərdən ibarət dəstələrin çoxsaylı şəhid verdiyini qeyd edib. Tarixçi alim Azərbaycan həqiqətlərinin, o cümlədən Şuşanın müdafiəsi ilə bağlı apardığı araşdırmaların müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da dünya ictimaiyyətinə çatdırılması üçün göstərdiyi səylər barədə danışıb, Şuşa ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb, doğma şəhərinin fotoşəkillərini nümayiş etdirib.

Tədbir işğal olunmuş torpaqlarımızı, xalqımızın başına gətirilmiş fəlakətləri, qaçqın və məcburi köçkün həyatını əks etdirən, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi üzvlərinin təşkil etdiyi kompozisiyalarla davam etdirilib. Uşaqlar Vətən mövzusunda şeirlər və bayatılar söyləyiblər.

Tədbirdə müvəkkilin Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanatı səsləndirilib.

Xəbər lenti

Xəbər lenti