Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutunun (ATİ) tələbəsi Beynəlxalq Tələbə Elmi Festivalında birinci yerə layiq görülüb.
İnstitutun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu yaxınlarda Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində Beynəlxalq Tələbə Elmi Festivalı keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi müvafiq nazirlik və müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun 4 tələbəsi - Ülvi Cəlilov, Sona Qəti, Ağamir Ağamirov və Nahidə Abdullayeva təmsil edib.
Festivalının keçirilməsində məqsəd nüfuzlu münsiflər heyətinə yeni ideyalar təqdim etməkdir.
40 nəfərdən çox tələbənin iştirak etdiyi beynəlxalq festivala qatılan bir qrup tələbə Amerika Birləşmiş Ştatlarından gətirilmiş yeni texniki vasitələrin quraşdırılması və yeniliklərin tətbiqi sahəsində bacarıqlarını nümayiş etdiriblər. Bu yarışmada ATİ-nin Turizm və hotelçilik ixtisasının ikinci kurs tələbəsi Ülvi Cəlilov yüksək bal toplayaraq birinci olub.