Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/
Zaqatalada dünən baş verən ikinci güclü zəlzələdən sonra uçan və qəzalı vəziyyətə düşən bina və tikililərin sayı artıb.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov Trend-ə bildirib ki, mayın 7-də saat 19:30 radələrində qeydə alınan 6 bal gücündə üçüncü zəlzələdən sonra fəsadlar daha da artıb.
"Birinci zəlzələdə boşalmış binaların çox ikinci təkandan sonra qəzalı vəziyyətə düşüb. Zəlzələnin nəticələrinin aradan qaldırılması və dəyən ziyanın hesablanması üçün qərərgah yaradılıb. Rayonda qəzalı və dağılmış evlərin qeydiyyatı aparılır ki, onlara tikinti ilə əlaqədar yardım göstərilsin. Tikinti təşkilatları dəvət olunub. Onlar zonalara çıxıb, görüləsi işin həcmini müəyyənləşdirir", - komissiya sədri deyib.
Ramazanov bildirib ki, dağılmış və qəzalı evlərin sakinlərini yerləşdirmək üçün dünəndən başlayaraq çadırlar paylanılıb. Artıq 300-dən artıq çadır verilib.
İcra başçısının müavini qeyd edib ki, zələzələdən daha çox dağətəyi kəndələr, xüsusən Muxax, Zəyəm, Çobankol, Qımır, Bazar, Mamrıx, Gözbarax ziyan çəkib.
Onun sözlərinə görə, birinci zəlzələ zamanı 20 kəndə ciddi ziyan dəyib. Sonrakı zəlzələdə isə rayonun təxminən 90 faizində evlər qəzalı vəziyyətə düşüb.
Baş verən zəlzələ ilə əlaqədar dünəndən rayonun orta məktəblərində dərslər dayandırılıb.
"Mütəxəssislər təhsil müəssisələrinin binalarına baxış keçirir. Qəzalı vəziyyətdə olmayan məktəblərdə dərslərin davam etdirilməsinə icazə verilir. Rayonda qəzalı vəziyyətdə olan orta məktəblər çoxdur", - o deyib.
Ramazanov bildirib ki, dünən gecə rayonda müəyyən ərazilərdə qazın verilişi müvəqqəti dayandırılıb.
"İlkin məlumata görə, zəlzələdən 800-ə yaxın bina ziyan çəkib. 400-ə yaxın ailə mənzilləri qəzalı vəziyyətdə olduğu üçün orada yaşaya bilmir. Bu səbəbdən əlaqədar qurumlarla razılaşdırıb dünən axşam həmin binalara və evlərə qaz verilişini dayandırdıq. Bu gün səhərdən qazın verilişi bərpa edilib. Digər xidmətlərin göstərilməsində problem yoxdur", - Ramazanov deyib.
Onun sözlərinə görə, zəlzələ zamanı ölüm faktı qeydə alınmayıb, 36 nəfər poliklinikaya müraciət edib, onlara ilkin tibbi yardım göstərilib.
Rayonda bütün idarə və müəssisələrin gücləndirilmiş rejimdə işlədiyini deyən komissiya sədri bildirib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda rayondadır.
Qeyd edək ki, mayın 7-də səhər saat 09:45 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb.