Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/
Bakının abadlaşdırılması məqsədilə evləri sökülərək, yeni mənzillərlə təmin edilən sakinlərin 99 faizi hökumətin təkliflərindən narazı deyil. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
"Təəssüf ki, narazı olanlar da var. Biz bazar qiymətinə uyğun məbləğ təklif edirik. Dövlət Əmlak Məsələləri Komitəsi və Maliyyə Nazirliyinin mütəxəssislərindən təşkil olunmuş qiymətləndirmə komissiyası mövcuddur. Biz də həmin qiymətləndirməyə uyğun şəkildə sakinlərə pul təklif edirik. Bakı şəhər İcra Hakimiyyəti özündən qiymət müəyyənləşdirmir", - Abutalıbov deyib.
O bildirib ki, evləri sökülən vətəndaşlara hər kvadrat metrə görə 1500 manat və ya təmir olunan mənzillər təklif olunur.
"Təklif edilən məbləğlə razılaşmayan vətəndaşlara, onların yaşadığı mənzillərin üzərinə 20 faiz əlavə sahə gəlməklə, yeni təmir olunan mənzil verilə bilər. Bu gün paytaxtın bütün küçələrində yeni mənzillər inşa olunur. Biri deyir ki, mənzil dəniz kənarında olmalıdır. Digəri mənzilinin Heydər Əliyev parkının yaxınlığında olmasını istəyir", - icra başçısı əlavə edib.
Abutalıbov paytaxtın Yasamal, Səbail, Xətai, Nizami rayonlarında evləri sökülən vətəndaşlara mənzillər təklif edildiyini də qeyd edib.
"Ancaq bilirsiniz ki, sakinlərin çoxu yeni evlərdən mənzil almaq istəmirlər. Deyirlər ki, pulu verin, qonşu küçədən ev alaq. Həmin pulu veririk. Ancaq bunu bilmək lazımdır ki, mənzilin hər kvadrat metri üçün vətəndaşa 1500 manat pul verilir. Bu məbləğə notarius xərcləri, vergi və digər xərclər daxil deyil. Mənzilləri isə biz seçmirik, vətəndaşlarımız özləri seçir. Təmiri özləri etmək istədikdə, əlavə olaraq təmir xərcini də ödəyirik", - Abutalıbov deyib.
Onun sözlərinə görə, hətta binanın sərəncamı olsa da, tikintiyə icazə verilsə də, bina dövlət komissiyasından keçməyibsə, o binadan mənzil almaq cinayətdir.
Abutalıbov "Mur-Ay" MMC və "Gen" MMC tikinti şirkətləri ilə bağlı yaranan problem və paytaxt meriyasının bununla bağı mövqeyi haqqında da danışıb.
"Mur-Ay" tikinti şirkətinin fəaliyyəti ilə bağlı bir şikayətçi yoxdur. Bu şirkətdən ev alan vətəndaşların hamısı mənzillə təmin olunub. O ki, qaldı "Gen" MMC-yə, onların əlində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı yoxdur", - o əlavə edib.
Bakı şəhər icra hakimiyyətinin başçısı deyib ki, "Gen MMC" ilə bağlı yaranmış problemdə dövlətin heç bir günahı yoxdur: "Onları adi bir oğru aldadıb. Heç bir zaman sərəncamı olmayan evə pul verməzlər. Bir daha deyirəm, tam təmir olunan, dövlət komissiyası tərəfindən qəbul edilən binalardan mənzil alınmalıdır".
Hacıbala Abutalıbov: Bakıda sökülən evlərin sahiblərinə bazar qiymətinə uyğun məbləğ təklif edilir
Bakının abadlaşdırılması məqsədilə evləri sökülərək, yeni mənzillərlə təmin edilən sakinlərin 99 faizi hökumətin təkliflərindən narazı deyil.
