Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan qeyri-hökumət təşkilatları "Amnesty İnternational", Norveç İnsan Haqları Təşkilatı və "Sərhədsiz Reportyorlar" kimi beynəlxalq qurumların son aylar ərzində həqiqətə uyğun olmayan məlumatlar əsasında Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyasını pisləyir və bu təşkilatları öz fəaliyyətlərində reallıq hissini itirməməyə, həqiqəti əks etdirən informasiya mənbələrinə istinad etməyə səsləyirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının cümə axşamı yaydığı bəyanatda deyilir.
"Biz Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, qurumların bəlli "açıqlamalarını" pisləyir, orada toxunulan məsələlərin həqiqəti əks etdirmək niyyətindən irəli gəlmədiyini, əksinə, Azərbaycanın uğurlarına qısqanan qüvvələrin maraqlarına xidmət edən qeyri-obyektiv addım olduğunu bildiririk. Hesab edirik ki, adıkeçən hər üç qurum, artıq neçənci dəfə təkrarlanan birtərəfli və qərəzli mövqeləri ilə Azərbaycanda öz etimadlarını itirmiş durumdadırlar", - bəyanatda qeyd olunur.