...

Qurtuluş günü munasibətilə "Azərikimya"nın zavodunda mitinq keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyun 2012 12:47 (UTC +04:00)
15 iyun - Milli Qurtuluş günü munasibətilə "Azərikimya"nın Etilen-polietilen zavodunda geniş mitinq keçirilib.
Qurtuluş günü munasibətilə "Azərikimya"nın zavodunda mitinq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

15 iyun - Milli Qurtuluş günü munasibətilə "Azərikimya"nın Etilen-polietilen zavodunda geniş mitinq keçirilib.

"Azərkimya"dan Trend-ə verilən məlumata görə, Azərbaycanın dahi oğlu, ulu öndər Heydər Əliyevin 19 il əvvəl vətənimizin çox ağır bir dövründə onun harayına çataraq, böyük bir xilaskar kimi Bakıya gəldiyi tarixi gün - Milli Qurtuluş günü münasibətilə "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun inzibati binanın qarşısında kimyaçıların iştirakı ilə geniş mitinq keçirilib. 1000-ə yaxın adamın iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Ulu öndərin və ölkə rəhbərinin portretləri, Azərbaycanın üçrəngli bayraqları, ölkəmizin müstəqilliyinin və azadlığının əbədi olduğunu ifadə edən şüarlarla Etilen-polietilen zavodunun qarşısındakı geniş meydançaya toplaşıblar. Tədbirdə çıxış edənlər Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik, idarəçilik təcrübəsi sayəsində 1993-cü ilin iyun günlərində özünün böyük xilaskarlıq missiyasını yerinə yetirərək, Azərbaycanı böyük faciələrdən və ağır fəlakətdən - imperiya qüvvələrinin qurbanı olmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etməsindən söhbət açmışlar.

Qeyd olunmuşdur ki, Ulu öndər 90-cı illərdə ölkəmizi ağır iqtisadi böhrandan qurtararaq, tənəzzül etməkdə olan iqtisadiyyatının yenidən dirçəldilməsi, inkişaf etdirilməsi üçün mühüm, kompleks tədbirlərin həyata keçirilməsinə, ölkəmizin neft yataqlarının, xüsusilə Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının perspektiv istismarı ilə bağlı məsələnin ən səmərəli həlli yolunun tapılmasına nail olmuşdu. Ulu öndər çox düzgün olaraq bunun ən optimal variantını bu mühüm və qlobal məsələyə dünyanın neft çıxarılması sahəsində qabaqcıl texnologiyaya və geniş təcrübəyə malik neft şirkətlərinin cəlb edilməsində, "Əsrin müqaviləsi" adlanan beynəlxalq neft kontraktının imzalanmasında görürdü.

Natiqlər bunu bir daha diqqətə çatdırmışlar ki, bu gün məhz Ulu öndərin müdrik iqtisadi siyasəti, uzaqgörən neft strategiyası sayəsində Azərbaycanın neft gəlirləri ölkəmizin müxtəlif sahələrinin, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafında son dərəcə mühüm rol oynayır.

Çıxış edənlər unudulmaz, dahi rəhbərə minnətdarlıq hissi ilə bildirmişlər ki, məhz onun ölkənin neft-kimyasına diqqət və qayğısının nəticəsi olaraq hələ ötən əsrin 80-ci illərində respublikanın neft-kimya kompleksi o dövrün ən müasir və qabaqcıl texnolo¬giyaları əsasında yaradılmış "EP-300" və "Polimir-120" və unikal enerji kompleksi olan Buxar-generator qurğularına sahib olmuşdu ki, bu gün məhz həmin qurğuların sayəsində ölkənin kimya sənayesi dünya bazarında tələbatın yüksək olduğu kimyəvi məhsullar istehsal edir.

Tədbirdə dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndərin ənənələrini uğurla davam etdirərək, Sumqayıtda neft-kimya sənayesinin inkişafı, onun müasir tələblər səviyyəsində yenidən qurulması üçün mühüm tədbirlər həyata keçi¬rməsindən minnətdarlıqla danışılmışdır. Qeyd olunmuşdur ki, 2010-cu ilin aprelində "Azərikimya"nın Dövlət Neft Şirkətinin tərkibinə verilməsi Sumqayıtın neft-kimya kompleksinin inkişafında mühüm bir mərhələnin, dönüş mərhələsinin başlanğıcı olmuşdur. Ölkə Prezidenti tərəfindən müvafiq Sərəncamın verilməsindən sonra Dövlət Neft Şirkətinin dəstəyi ilə "Azərikimya"da yeniləşməyə, müasirləşməyə, yeni texnika və texnologiyaların tətbiqinə geniş imkanlar açılmışdır.
Ölkə Prezidentinin hər bir azərbaycanlının sağlamlığına göstərdiyi diqqət və qayğının davamı olaraq kimyaçılarımıza yüksək səhiyyə xidməti göstərmək imkanlarına malik, müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş "Kimyaçı" poliklinikası və Təcili tibbi yardım Mərkəzinin istifadəyə verilməsi də sosial sahədə atılan mühüm addımlardandır. Gənc kimyaçı kadrların hazırlanması məqsədilə müxtəlif ixtisas və peşələr üzrə xüsusi kursların fəaliyyət göstərəcəyi yeni Təlim-tədris Mərkəzinin yaradılması da kimyanın sabahına, onun gələcək inkişafına olan diqqət və qayğının təzahürüdür.

Ölkə Prezidentinin müvafiq sərəncamları ilə respublikamızda və regionda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun yaxın zamanlarda başlanacaq inşası və onlarla kiçik və özəl sənaye müəssisəsinin yerləşəcəyi Sumqayıt kimya sənaye parkının yaradılması ilə minlərlə sumqayıtlının işlə təmin olunmasına nail olunacaqdır ki, bu da daha bir sosial problemin - işsizliyin azaldılmasında mühüm rol oynayacaq.

Mitinqdə qeyd olunduğu kimi, bütün bunlara görə kimyaçılar ilk növbədə 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Azərbaycana yeni həyat bəxş etmiş, onun möhkəm və sarsılmaz iqtisadi-siyasi təməlini qoymuş Ulu öndər Heydər Əliyevə minnətdardırlar.

Tədbirin sonunda mitinq iştirakçılarının bəyanatı səsləndirilib.

Xəbər lenti

Xəbər lenti