...

Kürdə suyun sərfi azalıb

Cəmiyyət Materials 2 İyul 2012 17:03 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Kürdə suyun sərfi azalıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Trend bazar ertəsi nazirliyin saytına istinadən xəbər verir ki, iyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 35 m3/san azalaraq 125 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 2, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

İyun ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni ötüb.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.40-6.79 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti