...

Həmkarlar ittifaqı orqanları 18 il ərzində müəssisələrdə 14 mindən çox yoxlama aparıb

Cəmiyyət Materials 4 İyul 2012 14:27 (UTC +04:00)
1993-cü ildən 2011-ci ilə kimi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda 14158 min yoxlama aparılıb.
Həmkarlar ittifaqı orqanları 18 il ərzində müəssisələrdə 14 mindən çox yoxlama aparıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

1993-cü ildən 2011-ci ilə kimi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda 14158 min yoxlama aparılıb. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, bu müddətdə texniki əmək müfəttişləri tərəfindən 84449 sayda əməyin mühafizəsi üzrə pozuntular müəyyənləşdirilib. Onlardan 61213-ü (72,5%) aradan qaldırılıb. Əməyin mühafizəsi tələblərinə işəgötürən tərəfindən əməl olunmadığına görə onlara təqdimatlar verilib və həmkarlar ittifaqı orqanlarının daimi nəzarətində saxlanılıb, həmkarlar ittifaqlarının seçkili orqanlarında bu məsələlər müzakirəyə çıxarılıb.

Mehbalıyev deyib ki, 2011-ci ildə sahə həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsi və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədi ilə 553 müəssisə və təşkilatda yoxlama aparılıb. Nəticədə sanitar qaydalara, istehsalat sanitariya və gigiyena normalarına və ekoloji təhlükəsizliyin tələblərinə əməl olunmaması üzrə 2614 fakt müəyyən edilib. Aşkar olunan pozuntuların 90,8 faizinin (2378) aradan qaldırılması təmin edilib.

Mehbalıyev əlavə edib ki, son illər həmkarlar ittifaqlarına edilən müraciətlərin sayı xeyli çoxalıb. Əgər 90-cı illərin sonunda AHİK-ə 18000-ə yaxın müraciət olmuşdursa, son illərdə bu rəqəm 10-15 dəfə artıb. Təkcə 2011-ci ildə Azərbaycan həmkarlar ittifaqlarına ümumilikdə daxil olan 156150 ərizə-şikayətin 153394-ü işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini tapıb. Rəhbər işçilər tərəfindən 19413 nəfər qəbul edilib. 205 nəfər işçi həmkarlar ittifaqının müdaxiləsindən sonra işə qaytarılıb. 20 nəfər işçinin hüquqları isə həmkarlar ittifaqının nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmələrdə bərpa olunub. İl ərzində həmkarlar ittifaqları 349 nəfərin işdən çıxarılmasına razılıq verməyib.

Xəbər lenti

Xəbər lenti