Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/
Vərəm xəstəsi olan oğlan sizə evlənmək təklif etsə, bunu qəbul edərsiniz? Və ya vərəmə yoluxmuş qadınla ailə qurmağa hazırsınızmı? Əslində, özümüzə etiraf etməsək də, çoxumuz bu suala "bəli" cavabını verməyə hazır deyilik. Çünki bu gün biz insanlar hələ də "stiqma"dan kənarda deyilik, cəmiyyətimiz hələ də vərəm xofu ilə yaşayır. Belə xofla yaşayan cəmiyyətin isə mənfi sosial nəticələri ortaya çıxır. İnsanın vərəm xəstəliyi keçirməsi onun ailə qurmaq imkanlarını məhdudlaşdırır, belə insanlar işləmək arzusundan əl çəkməli olurlar. Hətta yetərli müalicə dövrü keçməsinə baxmayaraq, cəmiyyət keçmişdə vərəm xəstəsi olmasını bu insanlara "bağışlaya" bilmir. Cəmiyyətdən belə münasibət görən xəstələr isə nəticədə özünə qapanır, ətrafdan təcrid olunmuş halda küskünlüyə meyl edirlər.
Vərəm kimi ağır "ləkə" xüsusilə ilə qadınlar üçün silinməz damğaya çevrilir. Vərəm xəstəsi olması bəzən qadının boşanmasına da gətirib çıxarır. Məsələn, bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Hindistanda aparılan araşdırmalar göstərib ki, hər il ölkədə vərəmlə xəstələnən 100 min qadının 15 faizi ailələrini tərk etmək məcburiyyətində qalır. Vərəm stiqmasının mənfi nəticələri ilə yalnız xəstələrin özləri deyil, onların ailə üzvləri də üzləşirlər. Əgər hansısa ailədə vərəm xəstəsinin olması üzə çıxarsa, o zaman bundan məlumatlı olan ətrafdakılar həmin ailənin bütün üzvləri ilə ünsiyyətdən qaçırlar.
Cəbrayıl rayonundan köçkün olan, əri vərəm xəstəsi olan Ruhiyyə xanım bir faktı hələ də unuda bilmir. Özünün ad günü ilə əlaqədar iş yoldaşlarına payladığı tort tikələrini bir necə saat sonra zibil qutusunda görmüşdü. Əri vərəm xəstəsi olduğu üçün iş yoldaşları onun əli dəyən tortdan belə dadmaq istəməyiblər.
Vərəm xəstəsinin xoşbəxtliyi
Vərəmlə bağlı yaranmış stiqmanın nəticəsidir ki, bu gün vərəm xəstələri öz xəstəliklərinin adlarını gizlətməyə çalışır, bu xəstəliyin daşıyıcısı olduğunu etiraf etməkdən utanırlar. Əslində, bu, özü cəmiyyətimizdə daha bir problemin yaranmasına yol açır. Çünki xəstə insanlar öz xəstəliklərinin başqa adla - keçici olmayan xəstəlik kimi təqdim etməklə qarşı tərəfin ona yoluxma riskini artırırlar. Əgər stiqma xəstənin özünü cəmiyyətdən təcrid edirsə, elə bu stiqmaya görə xəstəliyi barədə məlumatları gizlətməyə çalışan vərəmli insan onun xəstəliyindən məlumatsız olanları da birbaşa yoluxma riski altında qoyur.
Vaxtilə stiqma ilə üzləşmiş 30 yaşlı Əfqan vərəmə həbsxanada yoluxub. Bu xəstəliyin daşıyıcısı olduğu üçün hər kəsdən çox utanıb, onu ətrafdakılardan gizlətməyə çalışıb. Amma sonra bunun ona heç bir fayda verməyəcəyini başa düşüb, müalicə olunub. Bu gün Əfqan artıq tam sağlam insandır və başa düşür ki, vərəmə yoluxmaq bir vaxtlar onun düşündüyü kimi heç də "ölümün qapısı"nda olmaq deyil.
Artıq ailə quran və 1 övlad sahibi olan Əfqan vaxtında müalicə olunmasına görə çox sevinir. Çünki vaxtında düzgün qərar verməsəydi, bu ailə xoşbəxtliyini də dada bilməzdi...
Bizi əhatə edən cəmiyyətdə Əfqan kimi insanlar bəlkə də çoxdur. Mövcud stiqmaya qarşı çıxan belə insanlar psixoloji sarsıntı ilə üzləşsələr də, müalicə olunaraq özlərini tam sağlam insana çevirmək üçün iradələrini ortaya qoya bilirlər.
Ailənin rüsvayçılığı, yoxsa...
Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova da deyir ki, Azərbaycanda vərəmli xəstələrə qarşı münasibətdə çox böyük stiqma var. Buna görə də Azərbaycanda vərəm xəstələri öz xəstəliklərini aşkarlamağa maraq göstərmirlər. Vərəmə yoluxmuş insanlar öz xəstəliklərini qapalı saxlamağa daha çox üstünlük verirlər. Bu hal daha çox cavanlar, xüsusilə də qızlar arasında müşahidə edilir: "Fikirləşirlər ki, kimsə bunu bilər, qonşu öyrənər, yayar. Buna görə də xəstə insanlar vərəm müəssisələrinə getmirlər. Ailəsində vərəm xəstəsi olan insanların çoxu elə fikirləşir ki, onların ailə üzvlərindən birinin xəstə olduğu məlum olarsa, qohum-qonşu onlardan üz döndərəcək. Onlara nə qız verəcəklər, nə də qız alacaqlar. Onlar ailələrində vərəm xəstəsi olmasını ailənin rüsvayçılığı hesab edirlər. Daha pisi odur ki, insanlar hətta müayinə olunmaq üçün də müəssisələrə gəlmirlər. Fikirləşirlər ki, ay aman, bu qapıdan içəri girsə, ətrafdakılar fikirləşər ki, demək, bu insan vərəmdir".
Direktor müavini bildirir ki, belə stiqmaya görə də vərəm xəstəsi olan şəxs xəstəliyini gizli saxlayır və müalicə üçün birbaşa həkim-ftiziatra deyil, vərəmin müalicəsi ilə tam məşğul ola bilməyən digər həkimlərə müraciət edirlər.
Amma mütəxəssis hesab edir ki, bu hal vərəm xəstələrinin vəziyyətini daha da pisləşdirir. Çünki bu həkimlər vərəm xəstələrinin müalicə üsulları ilə tam tanış olmurlar, onlar xəstələri yalnız vəziyyətləri yaxşılaşana qədər müalicə edirlər. Buna görə də xəstənin şikayətləri çox qısa müddətə - 1 həftəyə, uzağı 1 ay müddətinə azalır, xəstəliyin müəyyən əlamətləri itir. Amma bütün bunlar aldadıcı olur, çünki müalicənin qeyri-adekvat aparılması, yarımçıq kəsilməsi vərəmin xroniki, dərmana davamlı formalarının yaranmasına gətirib çıxarır. Bu halda isə vərəmi müalicə etmək çox-çox çətin olur.
İ.Axundova deyir ki, buna görə də xəstələr tam kurs müalicə olunmalıdırlar. Bu müalicə xəstəliyin formasından asılı olaraq, 6 aydan minimum 24 aya qədər davam etməlidir.
Həkim-ftiziatr xəstələri əmin edir ki, vərəm tam sağalan xəstəlikdir və ondan azad olmaq olar. Sadəcə, bunu xəstələrə başa salmaq lazımdır. Xəstələr onu da bilməlidirlər ki, ölkənin bütün rayon və şəhərlərində vərəm üzrə mütəxəssislər var. Vərəmin müayinəsi və müalicəsi tam pulsuzdur. Müalicə isə heç də hər zaman xəstəxanada aparılmır. Vərəmin müalicəsində əsas məsələ müalicə kursunu tam şəkildə sona çatdırmaqdır.
Azərbaycanın baş ftiziatrını daha çox narahat edən məsələ
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycanın baş ftiziatrı Elcan Məmmədbəyovun sözlərinə görə, son illərdə vərəmlə mübarizə sahəsində aparılmış təbliğat işlərinin sayəsində ölkədə vərəmin erkən aşkarlanması vəziyyəti yaxşılaşıb. Ötən il Azərbaycanda 2045 vərəmə yoluxma halı aşkarlandığı halda, 2010-cu ildə bu rəqəm 1997, 2009-cu ildə 1487 olub.
Amma baş ftiziatr hesab edir ki, vərəmin erkən aşkarlanması vəziyyətinin yaxşılaşmasına baxmayaraq, ölkədə vərəmə qarşı stiqma var. Bu stiqmanı yaradan əsas səbəb isə insanların bu xəstəliklərlə bağlı məlumatlılıq səviyyəsinin aşağı olmasıdır.
E.Məmmədbəyovun sözlərinə görə, stiqma ilə əlaqədar bəzi xəstələr həkimə müraciət etməkdən çəkinirlər. Stiqmaya görə insanlar hətta maarifləndirici görüşlərə belə gəlməkdən çəkinirlər. Çünki fikirləşirlər ki, belə görüşlərə getsələr, onlara vərəm xəstəsi deyərlər: "Bizdə insanların xəstəliklərə münasibəti fərqlidir. Hər hansı rayonda əhali ilə vərəm xəstəliyi ilə bağlı görüş keçirmək istəsək, heç kim ora könüllü gəlməz. Qorxurlar ki, onlara xəstə deyərlər. Axı, burada qorxulu şey yoxdur! Lakin bu, bir faktdır və bizi ən çox narahat edən də budur".
Məmmədbəyovun sözlərinə görə, stiqma nəticəsində cəmiyyətimizdə vərəmə yoluxan insanlar ətrafdakı insanlar tərəfindən təcrid olunur, onlardan uzaqlaşırlar. Bu da əlbəttə, həmin xəstələrdə psixoloji sarsıntıya səbəb olur, müalicənin gedişinə mənfi təsir göstərir.
Dəlilərlə və vərəmli xəstələrlə eyni yerdə oturmaq qorxusu
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov da hesab edir ki, bu gün Azərbaycan cəmiyyətində psixi pozğunluqdan əziyyət çəkən insanlarla yanaşı, vərəm xəstələrinə qarşı da stiqma var. Onun sözlərinə görə, insanlar həm psixi pozğunluğu olan, həm də vərəm xəstələrini gördükdə onlardan uzaq durmağa çalışırlar: "Elə hesab edirlər ki, həmin adamlar qorxulu məxluqlardır. Belə xəstələri adi avtobusda gördükdə insanlar durub yerlərini dəyişirlər. Onlarla bərabər əyləşmək istəmirlər. Buna yalnız təəssüflənirik".
N.İsmayolov da hesab edir ki, stiqmanın aradan qaldırılmasının ən əsas yolu maarifləndirici tədbirlər həyata keçirmək, bununla da insanların şüurunda dəyişiklik etməkdir. Onun sözlərinə görə, telekanallarda belə mövzularla bağlı daha çox verilişlər yayımlanmalı, xüsusi sosial roliklər hazırlanmalı, məktəblərdə çox tez-tez şagirdlər üçün görüşlər keçirilməlidir.
Stiqmanın aradan qaldırılması yolları
İ.Axundova hesab edir ki, Azərbaycanda vərəmli xəstələrə qarşı stiqmanı aradan qaldırmaq üçün bır sıra tədbirlər həyata keçirilsə də, bu işlər yetərli səviyyədə deyil. Onun fikrincə, stiqmanı aradan qaldırmaq üçün daha çox işlərin görülməsinə ehtiyac var. Bunun üçün xəstələrlə profilaktik iş aparmaq, onlara xəstəliyin mahiyyətini başa salmaq, bu xəstəlikdən qorxutmamaq lazımdır. Xəstələri basa salmaq lazımdır ki, yalnız vaxtında müayinə və müalicə olunacağı təqdirdə vərəmdən tam azad olmaq mümkündür. Profilaktik işlərdən biri də uşaqlarda mantu sınağının vaxtlı-vaxtında aparılmasıdır.
Bununla yanaşı, əgər ailədə vərəm xəstəsi varsa, xəstəni gizlətməmək lazımdır, bütün ailə üzvləri buna görə cəmiyyətdən təcrid olunmamalıdırlar. Xəstə ilə münasibət quran şəxslər müəyyənləşdirilməli, onlar ciddi şəkildə müayinə edilməli, lazım olduqda müalicəyə cəlb edilməlidirlər.
İ.Axundovanın fikrincə, ftiziatrlarla yanaşı, ilkin səhiyyə işçiləri də bu işlərin reallaşmasına tam kömək etməli, aksiyalar keçirilməlidirlər. Belə işlərin daha geniş vüsət alması üçün QHT-lər də belə aksiyalara cəlb olunmalı, maarifləndirmə işlərinin əhatə dairəsini genişləndirməlidirlər.
Vərəmə qarşı stiqmanın aradan qaldırılmasında vərəm xəstəsinin ailə üzvləri də fəallıq göstərməlidirlər. Ailədəki insanlar xəstə ailə üzvlərinin müalicəsinə kömək etməklə yanaşı, ətrafdakılara, onlarla ünsiyyət quran insanlara intensiv mərhələdən sonra artıq xəstəliyin yoluxucu olmadığını və ünsiyyətin təhlükəsiz olduğunu başa sala bilərlər. Bununla yanaşı, onlar özləri də mütəmadi olaraq, müayinə olunmalıdırlar.
Psixoloqlar stiqmanın aradan qaldırılmasına yardım edə bilər
Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva hesab edir ki, vərəmlə bağlı stiqmanın olması müəyyən qədər başa düşüləndir. Çünki sağlam insanlar özlərini bu yoluxucu xəstəlikdən qorumaq istəyirlər. Amma sağlam insanlar belə xəstələrə olduqca anlaşıqlı yanaşmalıdırlar.
Psixoloqun fikrincə, xəstə insanlar onlara qarşı stiqmanın aradan qaldırılması üçün özləri də cəhd göstərməli, cəmiyyətdə formalaşmış səhv fikirlərə qarşı çıxmalıdırlar.
Onun qənaətinə görə, vərəm xəstələrinin güclü psixoloji dəstəyə ehtiyacı var. Bu, onların müalicəsi üçün olduqca əhəmiyyətli olar. Psixoloqlar belə xəstələrlə söhbət apararaq onların beyninə vərəmin sağalan xəstəlik olması fikrini yeritməli, xəstələrdə özünə inam hissi yaratmalı, özünə qapanmış xəstələrin cəmiyyətə inteqrasiyasına yardım göstərməlidirlər.
E.Mirzəyevanın fikrincə, bu baxımdan psixoloqların xəstə insanlarla işləməsi çox əhəmiyyətli olar.
Onun sözlərinə görə, xəstələrin psixoloqlarla işləməsi üçün xəstələrlə yanaşı, onu müalicə edən həkimlər də fəallıq göstərməlidirlər. Onlar xəstələri məhz psixoloqların yanına getmək üçün istiqamətləndirməlidirlər. E.Mirzəyeva deyib ki, belə bir təcrübə digər xəstələr- SPİD, şəkərli diabet, onkoloji xəstələri üçün tətbiq olunur. Həmin xəstələr məhz həkimlərinin vasitəsilə psixoloqa müraciət edir və onlardan məsləhət alırlar: "Mən artıq görürəm ki, SPİD, şəkərli diabet, onkoloji xəstələri həkimləri mənim, eləcə də digər psixoloqların yanına göndərirlər. Amma mən hələ vərəmli xəstələrin psixoloq yanına göndərilməsi faktı ilə rastlaşmamışam. Həkimlər çalışmalıdırlar ki, xəstələri psixoloq yanına da getsinlər. Bu halda vərəmlə müalicə çox yaxşı nəticələnər".
Vərəm ölüm deyil
Müalicə olunan xəstəlik olmasına baxmayaraq, hər il dünyada 2 milyon insan vərəmdən dünyasını dəyişir, 9 milyon isə bu xəstəliyə yoluxur. Vərəmin belə yüksək rəqəmlərlə gündəmdə olmasında qaldırdığımız problemin-stiqmanın da birbaşa rolu var. Çünki gözlə görülməyən vərəm çöpləri uzun müddət havada asılmış vəziyyətdə qalır və insandan insana keçməklə yoluxmaya səbəb olur. Ancaq vərəmə yoluxmaqdan qorunmaq da mümkündür. Yoluxma ehtimalını ən yaxşı azaldan vasitə otağın havasının mütəmadi dəyişdirməkdir. Vərəm əleyhinə digər effektiv vasitə günəş şüalarıdır. Eyni zamanda, vərəm xəstələri öskürək gigiyenasına da riayət etməlidirlər. Onlar öskürdükdə, asqırdıqda ağızlarını dəsmalla örtməlidirlər
Bir çox insanları həm də bu məsələ maraqlandırır- vərəm mikobakteriyaları ilə nəfəs almış insan mütləq xəstələnəcəkmi? Əlbəttə, "heç də yox". Bu ağciyərlərə düşmüş vərəm mikobakteriyalarının miqdarından və vərəm xəstəsi ilə ünsiyyətin müddətindən asılıdır. Kontakt nə qədər uzun sürərsə, xəstələnmə ehtimalı da bir o qədər çox olur. Həmçinin orqanizmin müqavimət qüvvəsinin də böyük əhəmiyyəti var.
Uzun müddət vərəm xəstələri ilə kontakta olan şəxslərin 50%-i vərəm çöpləri ilə yoluxur, ancaq onların cəmi 10%-də vərəm aktivləşir və xəstəlik yaranır. Vaxtında və düzgün müalicə olunmadıqda vərəm əmək qabiliyyətinin itirilməsinə, əlliliyə və hətta xəstənin ölümə səbəb ola bilər. Buna görə də özlərində vərəmin əlamətlərini hiss edən insanlar təcili olaraq həkimə müraciət etməli, özbaşına müalicə və diaqnostika ilə məşğul olmamalıdırlar. Xəstəlikdən tam müalicə olunmaq üçün həkimin təyinatlarına ciddi riayət etmək lazımdır.
Yazı ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.