...

Azərbaycanda doktoranturada pulla kimlər oxuya bilər?

Cəmiyyət Materials 23 İyul 2012 13:58 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası ötən il olduğu kimi, bu il də doktorantura səviyyəsi üzrə kadr hazırlığını ödənişli ixtisaslar üzrə aparmayacaq.
Azərbaycanda doktoranturada pulla kimlər oxuya bilər?

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası ötən il olduğu kimi, bu il də doktorantura səviyyəsi üzrə kadr hazırlığını ödənişli ixtisaslar üzrə aparmayacaq. Bunu Trend-ə AMEA-nın vitse-prezidenti Arif Haşımov deyib.

Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də AMEA-nın elmi tədqiqat təşkilat və müəssisələrində ödənişli əsaslarla yalnız əcnəbi vətəndaşlar təhsil ala biləcəklər.

"AMEA tərəfindən doktoranturaya ödənişli ixtisaslar üzrə qəbul yalnız əcnəbi vətəndaşlar üçün aparılır. Biz bu il də həmin ənənəni davam etdirəcəyik. Azərbaycan vətəndaşları üçün doktoranturada ödənişli əsaslarla qəbul hələ olmayacaq. Çünki akademiya hələ bu məsələyə hazır deyil", - Həşimov deyib.

Təhsil Nazirliyinin (TN) Elm şöbəsinin müdiri Gültəkin Hüseynova isə Trend-ə bildirib ki, AMEA-dan fərqli olaraq, onlar bu il nazirlik sistemindəki ali məktəb və elmi tədqiqat müəssisələrində Azərbaycan vətəndaşları üçün ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul aparacaqlar.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda doktorantura səviyyəsi üzrə kadr hazırlığı zamanı ödənişli ixtisaslar üzrə qəbulun aparılması məsələsi öz əksini tapıb.

"Bu qaydalarda qeyd edilir ki, ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul həyata keçirilə bilər. Ötən il də TN sistemindəki müəssisələrdə ödənişli ixtisaslar üzrə doktoranturaya qəbul aparılıb. Amma biz də doktoranturada ödənişli təhsil formasına üstünlük vermirik. Əsas üstünlük ödənişsiz əsaslarla olan ixtisaslara verilir", - Hüseynova əlavə edib.

O qeyd edib ki, əcnəbi vətəndaşlar üçün doktoranturaya qəbul əsasən ödənişlidir. Xarici ölkə vətəndaşları çox az hallarda - qarşılılıqlı müqavilə olduqda, tələbə mübadiləsi aparıldıqda doktoranturada ödənişsiz əsaslarla təhsil ala bilərlər. Azərbaycan vətəndaşları üçün isə yerlərin müəyyən hissəsi ödənişli olur.

Nazirlik rəsmisinin sözlərinə görə, ödənişli ixtisaslar üzrə təhsil haqqı ötən ilki kimi olacaq. Bu məbləğ orta hesabla 1000-1100 manatdır. Bu isə elə də yüksək məbləğ deyil.

Qeyd edək ki, TN sisteminə daxil olan ali məktəblər və elmi tədqiqat müəssisələrində doktoranturaya sənəd qəbuluna sentyabrın 15-dən başlanacaq və oktyabrın 15-dək davam edəcək. İmtahanların keçirilməsinə isə oktyabrın 20-dən başlanılacaq.

AMEA-nın elmi təşkilat və müəssisələrində doktoranturaya sənəd qəbuluna sentyabrın 1-dən başlanacaq və bir ay davam edəcək.

TN növbəti il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 325, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 377, elmlər doktoru proqramı üzrə doktoranturaya 85, dissertanturaya 89 plan yeri ayırmağı nəzərdə tutur.

AMEA-nın bu ilki qəbul planında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 332, elmlər doktoru proqramı üzrə 120 yerin ayrılması təklif edilib. Hər iki qəbul planı artıq təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti