...

Azərbaycanda pulsuz göstərilən narkoloji yardımların adları açıqlanıb

Cəmiyyət Materials 13 Avqust 2012 16:40 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydası"nı təsdiqləyib.
Azərbaycanda pulsuz göstərilən narkoloji yardımların adları açıqlanıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydası"nı təsdiqləyib.

NK-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımların sırasına daxil edilib.

Bununla yanaşı, narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi, narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi (tibbi yoxlama), narkoloji xəstələrin müalicəsi, əvəzedici müalicənin tətbiq edilməsi, narkoloji xəstələr üzərində sonrakı müşahidənin həyata keçirilməsi, pulsuz narkoloji yardımlara həm də narkoloji xəstələr barədə sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımlardır.

Pulsuz narkoloji yardımlar alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində olan şəxslərə göstərilir.

Respublika ərazisində narkoloji yardım Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar tərəfindən göstərilir.

Dövlət büdcəsinin vəsaiti hesabına narkoloji xəstəliklərin müalicəsini həyata keçirən narkoloji tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

Xəbər lenti

Xəbər lenti