...

Xanlar Hacıyev: Azərbaycanda məhkəmələrin hakimlərinin həbsə üstünlük verməsi onların nədənsə ehtiyatlanmasından irəli gəlir

Cəmiyyət Materials 14 Avqust 2012 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmələrin hakimlərinin həbsə üstünlük verməsi onların nədənsə ehtiyatlanmasından irəli gəlir. Bunu Trend-ə müsahibəsində Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev deyib.

Onun sözlərinə görə, Ali Məhkəmə Plenimunda bu məsələni müzakirə edib qərar qəbul edirsə, bu, o deməkdir ki, bu sahədə ciddi problem var. Hakimlər ciddi şəkildə bu problemə diqqət etməlidirlər.

"Problem ondan irəli gəlir ki, bizim məhkəmələrdə əksər hallarda ciddi araşdırma aparılmır. Həbs qərarı qəbul olunarkən məhkəmənin üzərinə bilavasitə məsuliyyət düşür. İnsanı azadlıqdan məhrum etməkdən ağır tədbir yoxdur. Ona görə də şəxsin həbs olunması üçün ciddi əsas lazımdır. Məhkəmə dəlilləri araşdırmalı, şəxsi üzbəüz dindirməlidir. Hakim sübutlar və şəxsin ifadəsi əsasında öz hüquq düşüncəsi əsasında həbslə bağlı qərar verməlidir", - Hacıyev deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi hesab edir ki, eyni dəlillər göstərməklə insanı uzun müddət - məhkəmə hökmünədək həbsdə saxlamaq olmaz. Əfsuslar olsun ki, hakimlər bu məsələyə mexaniki baxır. Hakim həbs kimi mühüm qərarı mexaniki qəbul etməməlidir.

"Avropa Məhkəməsi hüququn prnsiplərini məharətlə tətbiq edir və təcrübədə hər bir hüquqi problemin həllində fakt və hüquq əsasında qaydalar müəyyən edir. Hansısa işə baxanda biz keçmiş presedentlərdən irəli gələn qaydalar müəyyən edirik. Həbslə bağlı da bu qaydalar müəyyən olunub. Bizim milli qanunvericiliyimizdə də bu qaydalar müəyyən olunub. İnsan həbs olunanda onun törətdiyi cinayətin ağırlığı, azadlıqda qalarsa, istintaqın gedişinə, ədalət mühakiməsinə təsiri, istintaqdan yayınması və s. hallar araşdırılır və nəticədə onun barəsində həbs qətimkan tədbiri seçilir. Bir müddətdən sonra yenidən məhkəməyə müraciət olunub həbslə bağlı məsələyə təkrar baxılması istənilən zaman ictimai zərurət nəzərə alınmalıdır. Həmin şəxsin həbsdə qalmasına zəruri əsası varmı?", - Avropa Məhkəməsinin hakimi deyib.

O, bildirib ki, Avropa Məhkəməsi Azərbaycanla bağlı bu qəbildən olan bir sıra işlərdə pozuntu tapıb. Hacıyev son zamanlar bu məsələdə dönüş yarandığını qeyd edib.

Bir sıra hallarda hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri tərəfindən şəxsin təqsirsizlik prezumpsiyası hüququnu pozan bəyanatlara münasibət bildirən Hacıyev qeyd edib ki, hər kəsin məlumat almaq hüququ var. Mətbuatın da bu məlumatı əldə edib insanları məlumatlandırmaq vəzifəsi var.

"Ancaq bu məlumatların ictimaiyyətə çatdırılması formasına diqqət yetirilməlidir. Xüsusən hüquq-mühafizə orqanlarının əməkdaşları diqqətli olmalıdırlar ki, onların söylədikləri fikir şəxsin təqsirsizlik prezumpsiyası hüququnu pozmasın. Məhkəmə hökmü olmadan şəxsi cinayətkar hesab etməsinlər. Cəmiyyətdə şəxsin cinayətkar olması barədə fikir formalaşması məhkəmənin qərarına da təsirsiz ötüşmür", - o deyib.

Hacıyev bildirib ki, Avropa Məhkəməsi Azərbaycandan gələn bir neçə işdə bu məsələ ilə bağlı pozuntu tapıb.

Xəbər lenti

Xəbər lenti