...

"Səba" istehsalat müəssisəsi yetişdirdiyi məhsulların tərkibini açıqlayıb

Cəmiyyət Materials 24 Sentyabr 2012 17:41 (UTC +04:00)
"Səba" istehsalat müəssisəsi yetişdirdiyi məhsulların tərkibini açıqlayıb.
"Səba" istehsalat müəssisəsi yetişdirdiyi məhsulların tərkibini açıqlayıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

"Səba" istehsalat müəssisəsi yetişdirdiyi məhsulların tərkibini açıqlayıb.

Müəssisədən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ağsu-Kürdəmir ərazisində becərmək üçün Türkiyədən "Monsanto Gida ve Tarım Ticaret ltd." şirkətindən idxal edilən qarğıdalı toxumları DKC6120, DKC6315, DKC6589, DKC6590, DKC6717, DKC6815, DKC6876 kod adları ilə sadə hibridlərə aiddir. Bunu müvafiq Gömrük Bəyannaməsi və Türkiyədə yetişdirildiyini sübut edən mənşə sertifikatı da təsdiqləyir.

"Ağsu-Kürdəmir ərazisində yetişdirilən qarğıdalı məhsulunun geni modifikasiya olunmuş (GMO) toxumlardan becərilməsi barədə yayılmış fikirlər əsassız iftiradan başqa bir şey deyil", - müəssisədən bildiriblər.

"Səba" adı ilə toyuq məhsulları 10 ildən artıqdır ki, Azərbaycanda istehlakçıların rəğbətini qazanıb. Şüarı "Təbiətdən mətbəxə" olan brend əhaliyə yalnız sağlam qida təklif edir.

"Uzunmüddətli və dayanıqlı inkişafı qarşısına məqsəd qoymuş bir biznes qurumu kimi "Səba" istehsalat müəssisəsi və onun məxsus olduğu "Dəvəçi Broyler" şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyinə uyğun qurub. Belə ki, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisinə geni dəyişdirilmiş bitki genetik materiallarının gətirilməsi, sınağı, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. "Səba" yenicə başladığı bitkiçilik fəaliyyətində bu qanunu özünə əsas tutur. Bundan əlavə, Azərbaycan qanunvericiliyində ölkəyə genetik modifikasiya olunmuş bitkilərin gətirilməsi "Toxumçuluq haqqında" qanunla qadağan olunub.

Türkiyədə genetik modifikasiya olunmuş bitki və heyvanların yetişdirilməsi qadağan olunub. Diqqətinizə təqdim etdiyimiz mənşə şəhadətnaməsi aldığımız toxumların məhz GMO bitkilərin yetişdirilməsi qadağan olunmuş Türkiyədə becərildiyini təsdiqləyir. Bu toxumlar haqqında məlumatlar www.monsanto.com.tr saytında açıq yerləşdirilib (http://www.monsanto.com/global/tr/urunler/Pages/tarla-bitkileri-tohumlarimiz.aspx)", - açıqlamada bildirilir.

Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün keçirdiyi mətbuat konfransında "Səba" şirkətinin yeni layihəsi - Ağsu-Kürdəmir ərazisindəki taxıl layihəsi barədə danışıb. Birlik sədri iddia edib ki, "Səba" bu ərazidə becərilən toxumları "Monsanto" şirkətindən alırsa, onlar genetik modifikasiya olunmuş tərkiblidir.

Hüseynov iddialarını "Monsanto"nu gen mühəndisliyi üzrə araşdırmalarda qabaqcıl şirkət olması ilə əlaqələndirib.

"Səba"nın mətbuatla əlaqələndiricisi Afət Yaqubova isə Birlik sədrinin iddialarının əsassız olduğunu bildirib. Bununla bağlı mövcud sənədləri jurnalistlərə təqdim edən "Səba" təmsilçisi bildirib ki, "Monsanto"nun dünyanın bir çox ölkəsində nümayəndəliyi var və hər bir ölkədə oranın qanunlarına və tələblərinə uyğun fəaliyyət göstərir.

"Səba"nın nümayəndəsi belə əsassız iddiaları şirkətin yeni başladığı işlərə mane olmaq cəhdləri kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti