...

Azərbaycan yol polisi piyadaların yol hərəkəti qaydalarını kütləvi şəkildə pozmasından narahatdır

Cəmiyyət Materials 29 Sentyabr 2012 12:07 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, son vaxtlar piyadalar tərəfindən yol hərəkət qaydalarının pozulması halları həddən artıq çoxalıb
Azərbaycan yol polisi piyadaların yol hərəkəti qaydalarını kütləvi şəkildə pozmasından narahatdır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yol polisi piyadalar tərəfindən yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulmasından narahatdır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, son vaxtlar piyadalar tərəfindən yol hərəkət qaydalarının pozulması halları həddən artıq çoxalıb.

Onun sözlərinə görə, artıq paytaxtla bərabər respublikanın rayonlarında yolun hərəkət hissəsinin təyin olunmayan yerindən keçən piyadaların vurulması halları geniş yayılıb.

Bölmə rəisi bildirib ki, bu halların qarşısının alınması məqsədilə daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə post-patrul xidmətindən də yol polisinə 110 nəfər əməkdaş ezam olunub. Həyata keçirilmiş tədbirlər nəticəsində son iki ayda 9 mindən artıq piyadanın yol hərəkəti qaydalarını pozması müəyyən olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər.

İdarə sözçüsü hesab edir ki, piyadalar tərəfindən yol verilən qayda pozuntularının qarşısının alınması üçün cərimələrin artırılması elə də effektli çıxış yolu deyil.

"Piyadalar maariflənməlidir. Piyada özü həyat və sağlamlığının qeydinə qalmalıdır. Piyada 100 metr artıq məsafə getməsin deyə youn təyin olunmayan hissəsindən keçir və özünün və başqalarının həyatını təhlükəyə atır. Piyadalar nə qədər ki, təhlükəni dərk etməyəcək, qaydalara riayət etməyəcək, belə halların qarşısını heç bir inzibati yolla almaq mümkün olmayacaq", bölmə rəisi deyib.

Əliyev qeyd edib ki, yolda hər yerdə yeraltı və yerüstü piyada keçidlərinin qoyulması da düzgün deyil.

"Şəhərdə nəqliyyatın hərəkətin də nəzərə almaq lazımdır. Addımbaşı piyada keçidlərinin olması nəqliyyatın hərəkətinin sıxlığın yaradar", o deyib.

Qeyd edək ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində 10 və 20 manat məbləğində cərimə nəzərdə tutulub. Qanunvericiliyə edilən son dəyişikliklərlə piyadanın yolun hərəkət hissəsinin müəyyən olunmayan yerindən keçməsinə görə cərimənin məbləği 10 manatdan 20 manata çatdırlılıb.

Xəbər lenti

Xəbər lenti