Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin (İİN) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 15-də 4 saylı cəzaçəkmə müəssisəsində "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında treninqlər keçirilib.
İİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, 4 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də azadlıqdan məhkum edilmiş qadınlar iştirak ediblər.
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirləri, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında təqdimatlar keçirilib.
Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydalar, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.