...

Ekologiya Nazirliyi: Ölümlə nəticələnən hadisə Ovçular Cəmiyyətinin qanunsuz həyata keçirdiyi əməllərin nəticəsidir

Cəmiyyət Materials 21 Oktyabr 2012 20:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hesab edir ki, Ovçular Cəmiyyətinin qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olub.
Ekologiya Nazirliyi: Ölümlə nəticələnən hadisə Ovçular Cəmiyyətinin qanunsuz həyata keçirdiyi əməllərin nəticəsidir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hesab edir ki, Ovçular Cəmiyyətinin qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, oktyabrın 20-də gecə saatlarında Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə KİV-də məlumat yayılıb.

Bunula bağlı ETSN bildirir ki, ölümlə nəticələnən hadisə Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsidir.

Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib.

ETSN bəyan edi ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır.

Xatırladaq ki, 2004-cü ildə Azərbaycanın Ovçuluq haqqında qanunun qəbul edilməsindən sonra ölkə ərazisində ovçulugun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-yə verilib.

Nazirlik hesab edir ki, Ovçular Cəmiyyəti rəhbərliyinin bu qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olub və faciənin bütün məsuliyyəti tam olaraq cəmiyyət rəhbərliyinin üzərinə düşür.

Qeyd edək ki, Beyləqan ərazisində ovçularla Ovçular Cəmiyyəti arasınd baş verən qarşıdurma nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti