...

"IDEA Yaşıl Azərbaycan naminə" layihəsi uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2012 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend müxbir M.Əliyev/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 12-də başladılmış IDEA (İnternational Dialogue for Environmental Action) - ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq kampaniyası ölkəmiqyaslı "IDEA Yaşıl Azərbaycan naminə" ekoloji maarifləndirmə layihəsini uğurla başa çatdırıb.

"Yaşıl Azərbaycan naminə" layihəsinin əlaqələndiricisi Surxay Novruzov çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində təşkil olunan tədbirdə bildirib ki, bu ilin 24 sentyabr tarixində başlamış layihə 4 həftə davam edib. "Əvvəlcədən nəzərdə tutulduğu kimi 4 istiqamət üzrə səfər edən yaşıl təlimçilər hər həftə 5 rayonda təlim keçərək, Azərbaycanın 20 rayon və şəhərində ümumilikdə 40 məktəbdə seminarlar təşkil ediblər", - Novruzov deyib.

Onun sözlərinə görə, yaşıl təlimçilər Şamaxı şəhərindəki orta məktəblərdən başlayaraq layihəni Şirvan şəhərində yekunlaşdırıblar.

"Ümumi şagird auditoriyası 7500-dən çox olan təlimçilərimiz hər məktəbdə şagirdlərə buklet, qələm, dəftər və digər vəsaitlər paylayıblar. Hər məktəbdə keçirilən təqdimatlarda şagirdlərin fəal iştirakı ilə qarşılaşan təlimçilər interaktiv oyun və əyani vəsaitlərdən istifadə etməklə onlarda meşə, su, tullantılar mövzuları ilə bağlı biliklərin daha da inkişaf etdirilməsinə çalışıblar. İkinci həftə qərb regionunda olan təmsilçilər tərəfindən 10 məktəbdə 6, 7 və 8-ci sinif şagirdləri ilə günümüzdə bəşəriyyəti narahat edən və əsas ekoloji mövzulardan müzakirələr təşkil edilib, məşğələlər keçirilib. Üçüncü həftə əsasən Aran rayonlarında olan könüllü təlimçilərimiz tədris olunan mövzularla yanaşı, regionun lokal ekoloji problemləri haqqında şagirdlər arasında sorğu-sual təşkil ediblər", - Novruzov deyib.

O qeyd edib ki, sonuncu həftəni Azərbaycanın cənub regionunda olan IDEA kampaniyasının könüllüləri bu zonada da maraqlı tədbirlər təşkil edib və ekoloji sahədə rayonun ictimai həyatında aktiv olan gənclərlə görüşüblər.

IDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev mətbuat konfransında bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərinin ekoloji biliklərə yiyələnməsi və sabah həmin bilikləri tətbiq etməsi olub.

"Bu gün məktəbdə oxuyan şagird gələcəkdə ali təhsil müəssisəsində oxuyacaq, sonra ixtisaslı kadr olacaq. İnsanların uşaq vaxtlarından ekoloji maarifləndirilməsinin aparılmasının isə xüsusi əhəmiyyəti var", - o deyib.

Babayev, həmçinin IDEA maarifləndirmə işlərinin geniş yayılması üçün mobil telefonlar üçün proqram təminatının hazırlandığını qeyd edib.

Tədbirin sonunda "Yaşıl Azərbaycan naminə" layihəsinin fəallarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hal-hazırda IDEA Beynəlxalq Ekoloji Kampaniyasının Moskva və Vilnüs şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir, yaxında isə IDEA İstanbulda da nümayəndələyini açmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti