Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Noyabrın 18-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib.
Trend-in məlumatına görə, səfərin məqsədi tanınmış maarif işçisi, uzun müddət İsmayıllı rayonunun müxtəlif orta məktəblərində direktor, təhsil şöbəsinin müdiri vəzifələrində çalışmış mərhum İsrayıl Həsənovun 100 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək olub.
Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, rayon ziyalıları, yerli hökumət strukturlarının rəhbərləri və qonaqlar da qatılıblar.
Novruz Aslanov öz çıxışında İsrayıl Həsənovun mənalı həyat yolundan, 54 illik pedaqoji fəaliyyətindən söhbət açıb, onun respublikada təhsil sahəsinə verdiyi töhfələrdən danışıb.
Bir çox tanınmış ziyalıların müəllimi olmuş İsrayıl Həsənov bir çox monoqrafiyaların, kitab və məqalələrin müəllifidir. Tədbirdə iştirak edən natiqlər də İsrayıl müəllimin həyat və fəaliyyətindən danışıblar.