...

Adil Qəribov: Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir

Cəmiyyət Materials 21 Noyabr 2012 12:48 (UTC +04:00)
Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir.
Adil Qəribov: Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tədqiqat nüvə reaktorunun yaradılması ilə bağlı qərarın verilməsi siyasi məsələdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, belə bir qərar olarsa, Azərbaycan mütəxəssisləri sərbəst şəkildə tədqiqat nüvə reaktorlarını işə sala, dozemetriyasını apara, təhlükəsizlik standartlarına riayət olunması üçün bütün işləri görə bilərlər.

"Güman edirəm ki, tədqiqat nüvə reaktorunun yaradılması barədə qərar olarsa, biz onu işlətməyə qadir olacağıq. Bu sahədə kadr potensialımız var", - Qəribov əlavə edib.

O qeyd edib ki, Azərbaycan mütəxəssisləri ötən il Ukrayna, Serbiya, Avstriyada tədqiqat nüvə reaktorları ilə bağlı tədqiqatlar aparıblar.

Qəribov deyib ki, hazırda İnstitut Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə 2 layihə icra edir. Həmin layihələrdən biri "Güclü qamma mənbəli sterilizasiya qurğusunun işə salınması", digəri isə "Tədqiqat nüvə reaktorunun əsaslandırılması" layihəsidir. Hər iki layihə üzrə bu il ərzində 10-a yaxın mütəxəssis müxtəlif ölkələrdə tədqiqat aparıb.

İnstitut direktorunun sözlərinə görə, xarici ölkələrdə təcrübə keçən mütəxəssislərin sayı daha da artırılacaq. Gələn il azərbaycanlı mütəxəssislər müxtəlif ölkələrin tədqiqat nüvə reaktorlarında fiziki-kimyəvi, şüalandırmalar üzrə tədqiqatlar aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti