Azərbaycan, Bakı, 23 noyabr /Trend/
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin dəstəyi və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin üzvü Şirməmməd Nəzərlinin yaradıcılıq gecəsi keçirilib. Tədbirin proqramına Ş.Nəzərlinin "İşıq gücü" adlı fotosərgisinin açılışı və onun "Ömrün qönçə çağında", "Çəkilməyən film" kitablarının təqdimatı daxil edilib. Həmçinin, çəkdiyi onlarla videoçarxlardan biri olan "Situasiya" nümayiş olunub.
ASC-dən Trend-ə verilən məlumata görə, tədbirdə MŞ sədri Əflatun Amaşov, "Akkord Korporasiyası"nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva, Əfqanıstan Veteranları İctimai Birliyi sədrinin birinci müavini Əbülfəz Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Ədalət Əsgəroğlu, Fotoqraflar Birliyinin nümayəndəsi Rauf Umud, "Xalq qəzeti"nin redaktor müavini Tahir Aydınoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları yaradıcılıq gecəsində çıxış ediblər. Bildirilib ki, 30 fotonun nümayiş olunduğu "İşıq gücü" Ş.Nəzərlinin sayca 4-cü fərdi fotosərgisidir. Bu əsərlərdə müəllifin həyat hadisələrinə mövqeyi izahatsız da aydın hiss olunur.
Təqdimatı keçirilən "Ömrün qönçə çağında" kitabı 1979-1989-cu illər Əfqanıstan müharıbəsində həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklərdən və bu müharibəyə həsr edilmiş araşdırma materialından ibarətdir. Kitab 20 il əvvəl yazılsa da, müəllif yalnız indi onu çap etdirmək imkanı qazanıb. Bu nəşr barədə Əfqanıstan Veteranları Ictimai Birliyi sədrinin birinci müavini Əbülfəz Hüseynov ətraflı danışıb.
"Çəkilməyən film" bədii romanı bir kino rejissorunun həyatını əks etdirir. Mütəxəssislərin sözlərinə görə, bu bədii əsər müasir teleseriallar üçün çox yaxşı materialdır. Belə ki, əsərin qəhrəmanı cinayətkar halından mənəvi saflıq məqamına gedən bir ömür yaşamaqda davam edir. Müəllif əsərdə xalqımızın həyat və məişətindən hiss olunmadan silinməkdə olan əxlaq normalarını, etik qaydaları, yüksək dini-mənəvi dəyərləri bacarıqla təsvir edir.
Ş.Nəzərli 1977-ci ildə ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib. "Azteleradio" şirkətində, Azərbaycan Jurnalistlər Birliyində işləyib, "Vışka" qəzetinin Ukrayna üzrə xüsusi müxbiri, "İRS" jurnalının təsisçisi və baş redaktoru olub. Hekayə, povest, ssenari, publisistika və romandan ibarət 10 kitabın müəlifidir. Bakı teatrlarında 3 pyesi tamaşaya qoyulub, indi dövlət teatrlarından biri onun "Yusifin qəmi" ikihissəli pyesini tamaşaya hazırlayır. Ş.Nəzərlinin Azərbaycan radiosunun "Qızıl fondu"nda verilişləri və "Tac Mahal və ya iki damla göz yaşı" tamaşası saxlanılır. "Humay" mükafatı laureatıdır. Hazırda "Salamnews" informasiya agentliyində mədəniyyət şöbəsinin redaktoru işləyir.