...

“Akkord” jurnalistlər üçün yeni treninq layihəsinə start verir

Cəmiyyət Materials 27 Noyabr 2012 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün ötən il təşkil etdiyi "Maliyyə və iqtisadiyyat təlimi" treninq-seminarının davamı olaraq yeni təlim layihəsinə start verir.

3-7 dekabrda Bakı şəhəri, Tblisi prospekti 49\C ünvanında yerləşən "Çıraq" Plaza-nın 2-ci mərtəbəsində keçiriləcək təlim kursu "Maliyyə haqqında ümumi anlayış, mühasibat uçotu nəticəsində yaranan hesabatların növləri (maliyyə hesabatları, vergi hesabatları, idarəetmə hesabatları), maliyyə hesabatlarının məqsədi və istifadəçiləri, maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS - IFRS), maliyyə hesabatlarının tərkib elementləri və forması, mühasibat haqqında ümumi anlayış, müəssisənin müxtəlif alternativ maliyyələşmə imkanları, maliyyənin idarəedilməsi, büdcə, proqnozlaşdırma və onlara nəzarət, investisiyaların qiymətləndirilməsi" mövzularını əhatə edir. Təlim kursunda iştirak edən və uğurla başa vuran jurnalistlərə müvafiq sertifikatlar təqdim ediləcəkdir.
Noyabrın 2-dən etibarən Korporasiyanın İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən təlimdə iştirak etmək istəyən jurnalistlərin qeydiyyatına başlanılıb və qeydiyyat dekabrın 2-dən-6-dək davam edəcək (Əlaqə telefonu: 012-404-77-77 İctimaiyyətlə Əlaqələr Şöbəsi).

Qeyd edək ki, "Akkord"un 2011-ci ildə həyata keçirdiyi analoji layihə media orqanları və jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb. Ötən ilin 19-26 dekabr tarixlərini əhatə edən həmin tədbirdə iştirak edən jurnalistlər qoyulmuş mövzu ilə bağlı geniş və maraqlı bilgilər əldə ediblər. Təlim layihəsinin nəticəsi olaraq dekabrın 28-də paytaxtdakı "Çıraq Plaza" biznes mərkəzinin konfrans salonunda təşkil olunmuş mərasimdə treninqdə iştirak etmiş KİV nümayəndələri ilə yekun görüş keçirilib. Mərasimdə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İdarə Heyətinin üzvləri iştirak ediblər. Tədbirdə treninqdə iştirak etmiş 30-a yaxın iştirakçıya müvafiq sertifikatlar və Korporasiyanın hədiyyələri təqdim edilib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, builki layihənin də yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi daşıyan treninqin yüksək peşəkar səviyyədə aprılması üçün qlobal nüfuza malik PricewaterhouseCoopers (PwC) Azərbaycan audit və konsaltinq şirkəti cəlb edilib.
PwC Azərbaycan müxtəlif sahələrdə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC şirkətinin Baki, Azərbaycan ofisində çalışan peşəkar mütəxəssislər təlim iştirakçıları ilə öz fikirlərini, təcrübəsini və çözümlərini bölüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti