...

Azərbaycanda terminlərin düzgün istifadəsinə yeni qurum nəzarət edəcək

Cəmiyyət Materials 28 Noyabr 2012 11:36 (UTC +04:00)
Azərbaycanda KİV-lərdə, dərsliklərdə terminlərin düzgün istifadəsinə yeni qurum nəzarət edəcək
Azərbaycanda terminlərin düzgün istifadəsinə yeni qurum nəzarət edəcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası nəzarət edəcək.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, komissiyanın yeni təsdiq edilmiş əsasnaməsi ilə bu qurum Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsi, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsi, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsinə nəzarət funksiyalarını da həyata keçirəcək. Komissiya ölkədə terminoloji mühitin nəzarətdə saxlanılması məqsədi ilə müntəzəm monitorinqlər aparacaq. Qurum Azərbaycan elmi-ədəbi dilində dərslik, monoqrafiya, bədii, publisistik əsərlərdə, o cümlədən kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, reklamlarda, idarə və müəssisələrdə, məktəblərdə, terminlərin istifadəsində mövcud qaydalara əməl edilməsinə nəzarətin təşkili, həmçinin dövlət orqanlarında rəsmi sənədlərin hazırlanmasında istifadə olunan xüsusi norma və tələblərin müəyyən edilməsi məqsədi ilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayacaq.

Komissiya elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə izahlı, dialektoloji, ensiklopedik, iki və çoxdilli terminoloji, orfoqrafik lüğətlərin hazırlanmasına elmi-metodoloji rəhbərliyin həyata keçirilməsi və nəşrinə icazə verəcək, terminologiyanın dilçilik problemlərinin tədqiq edəcək və müvafiq kadr hazırlığının təşkili və koordinasiyasını həyata keçirəcək. Azərbaycan dilinə yeni daxil edilən termin və anlayışların təsdiqi və ifadə formaları, respublikada elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələrində baş verən dəyişikliklər nəzərə alınmaqla, elmi-ədəbi dilin və terminologiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətlərini müəyyən edəcək.

Azərbaycan elmi dilinin dərsliklərdə və mətbuatda düzgün əks etdirilməsi məqsədi ilə orfoqrafiya qaydalarının təkmilləşdirilməsi üçün təkliflər hazırlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti