Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda həbs yerlərində saxlanılan hamilə qadınlar, yanında uşağı olan qadınlar və yetkinlik yaşına çatmayanların yemək normalarının artırılması ilə bağlı yeni layihə hazırlanıb və müvafiq quruma təqdim olunub. Trend-in məlumatına görə, bu barədə Pentensiar Xidmətin idarə rəisi Musa Hümbətov bu gün "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun və pis rəftarla mübarizə" adlı "dəyirmi masa"da çıxışında deyib.
Hümbətov bildirib ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunla həbsdə saxlanılan şəxslərin yemək və maddi-məişət təminatları da dəyişilməlidir. Onun sözlərinə görə, bir sıra kateqoriyadan olanlara daha yüksək səviyyədə normalar müəyyən olunub, yemək normalarının kifayət qədər yüksəldilməsi ilə bağlı təkliflər hazırlanıb. Xüsusilə də hamilə qadınlar, yanında uşağı olan qadınlar və yetkinlik yaşına çatmayanlar üçün yemək normaları artırılıb.
Sözügedən qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinə həbs yerlərinin daxili intizam qaydalarının hazırlanması tapşırılıb.
Təqsirləndirilən şəxslərə tibbi yardım göstərilməsi, onların mülki xəstəxanalara yerləşdirilməsi ilə bağlı təkliflər verilib.
Hümbətov bildirib ki, bu qanunun tələblərinin pozulmasına görə cinayət məsuliyyətini müəyyən edən layihə hazırlanıb. Onun sözlərinə görə, bir çox hallarda həbs yerlərinin müdriyyəti ilə bağlı problemlər yaşanır.
İdarə rəisi deyib ki, istintaq təcridxanalarında saxlanılan şəxslərə verilmiş yeni hüquqların təmin olunması yolları araşdırılıb və məlum olub ki, Şüvəlan və Gəncədəki istintaq təcridxanalarında həmin hüquqların təmin olunması kifayət qədər çətindir.
Onun sözlərinə görə, Azərbaycandakı 3 istintaq təcridxanasında saxlanılan şəxslərin telefon danışıqlarını təmin etmək məqsədilə 58 yeni telefon xəttinin açılması üçün müvafiq müraciət olub, hər 3 istintaq təcridxanasına psixoloq təyin olunub.
Hümbətov qeyd edib ki, təqsirləndirilən şəxslərin daşınması üçün 13 avtomobil alınıb və onların sayı ilin axırına qədər iki dəfə artırılacaq.
İdarə rəisi deyib ki, saxlanılan vərəmli şəxslərin daşınması üçün xüsusi maşın alınıb. Həmin avtomobil xüsusi avadanlıqlarla təchiz olunub.