...

Allahşükür Paşazadə "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunda razılaşmadığı məqamları açıqlayıb

Cəmiyyət Materials 13 Dekabr 2012 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində razılaşmadığı bəndləri açıqlayıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli cümə axşamı Trend-ə bildirib ki, QMİ adıçəkilən qanun layihəsi barədə rəyini bildirib.

"Çox sevindirici haldır ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə ümumən bu qanunda milli-mənəvi dəyərlərlə bağlı məqamlara proqressiv münasibət bildirib. Ancaq bununla belə, onun, eləcə də rəhbərlik etdiyi qurumun mentalitetimizlə bağlı, həmçinin İslam dəyərlərindən irəli gələrək qanun layihəsinə müəyyən iradları və razılaşmadığı məsələlər var", - Rəcəbli deyib.

Komitə sədri bildirib ki, QMİ qanun layihəsindən süni mayalandırma və qadınların sterilizasiyası məsələlərinin çıxarılmasını təklif edir.

"Biz qanun layihəsinin işçi variantında süni mayalandırmanın adını dəyişdirmişik. Sterilizasiya ilə bağlı isə din qadının ömürlük hamilə qalmasından məhrum edilməsini günah sayır. Həmin təkliflər bir daha baxıldıqdan və nəzərə alındıqdan sonra qanun layihəsini müzakirələrə təqdim etmək fikrindəyik", - o deyib.

Rəcəbli eyni zamanda qeyd edib ki, yuxarıda qeyd olunan məsələlərin Azərbaycanda öz həllini tapması üçün müəyyən vaxt lazımdır.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyası ərzində Sosial siyasət komitəsində üç dəfə baxılıb və plenar iclasa təqdim olunmadan təkrar işlənməsi üçün ictimai müzakirələrə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti