Azərbaycan, Bakı, 25 dekabr /Trend/
ABŞ-ın Xarici Yayım Şurası (Broadcasting Board of Governors, BBG) Stiven Kornu "Azadlıq" və "Azad Avropa" radiostansiyalarının prezidenti vəzifəsindən kənarlaşdırıb. Trend-in məlumatına görə, bu barədə "World Affairs" jurnalının saytında məlumat verilir.
BBG-nin qərarı haqqında nəşrin müxbiri Cudi Bakraşın sözlərinə görə, Korn özü ona məzuniyyətə getdiyini bildirib. Lakin mənbələrin məlumatına görə, o, vəzifəsini fevralda tərk etməlidir. Jurnalistin yazdığına görə, Korn dəfələrlə səmərəsiz idarəetməyə və "Azadlıq" radiosunun Rus xidmətinin yayımının "dağılması"na görə tənqidlərə məruz qalıb.
"Stiven Korn "Azadlıq" radiosunun rəhbəri postunda böyük ümidsizliyə düçar olmuşdu. O, dəhşətli səhvlər edir, xüsusilə insanları idarə etməkdə özünü səmərəsiz menecer kimi göstərirdi. O, Moskva ofisinin "dağılması"nda məsuliyyət daşıyır", - BBG-nin üzvlərindən biri Viktor Eş bildirib.