...

Hacıqabul gölündə yaranmış vəziyyətin aradan qaldırılması üçün layihə hazırlana bilər

Cəmiyyət Materials 28 Dekabr 2012 10:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Hacıqabul gölündə yaranmış gərgin vəziyyət ölkənin müxtəlif dairələrində narahatlıqlar yaradıb, o cümlədən KİV-də bununla bağlı müxtəlif səpkili məlumatlar verilib.

Məlumat üçün bildiririk ki, göl tarixən Kür çayının sərbəst meandrlaşması nəticəsində əmələ gələrək Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth suları, yeraltı sular və Kür çayında dövrü olaraq baş verən daşqın suları hesabına qidalanaraq bizim dövrümüzədək gəlib çatmışdır. Gölün uzunluğu 4,2 km, orta eni 2,2 km, orta dərinliyi 1,4 m, maksimal dərinliyi isə 2 m-dir.

Ötən əsrin I yarısında gölün cənub hissəsindən süni kanal çəkilərək Kür çayı ilə birbaşa əlaqə yaradılmış və göldə çəki, sıf, külmə, çapaq, naqqa və s. kimi balıqlar yetişdirilmişdir. Bundan əlavə, hər il şimaldan uçub gələn köçəri quşlar göldə qışlama dövrü keçmişlər.

Mingəçevir su anbarının istifadəyə verilməsi ilə Kür çayında su səviyyəsinin tənzimlənməsi, Kür çayı ilə Hacıqabul gölü arası ərazidə Baş Şirvan Kollektorunun çəkilməsi və eyni zamanda kanalın sıradan çıxması gölün əsas qidalanma mənbəyi olan daşqın sularından təcrid olunması ilə nəticələnmiş və həmin dövrdən gölün akvatoriyasının kiçilməsi prosesi başlamışdır.

Son bir neçə illər ərzində yay fəslində havanın temperaturunun yüksəlməsi gölün səthindən buxarlanmanın miqdarının artmasına, Xəzər dənizində səviyyənin enməsi isə Cənub-Şərqi Şirvan düzənliyində, o cümlədən də gölətrafı ərazilərdə qrunt sularının səviyyəsinin 1,5-2 m-dək enməsinə səbəb olmuşdur. Eyni zamanda aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, göl antropogen təsirlərə məruz qalmışdır. Belə ki, gölü qidalandıran kanallar lillənərək dolmuş, nəticədə burada suyun tənzimlənmə rejimi pozulmuş və göldə suyun səviyyəsi kəskin surətdə aşağı düşmüşdür.

Qeyd edək ki, göl Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən 2005-ci ildə "Hacıqabul-Balıq" ASC-yə icarəyə verilmişdir. Lakin bu müddət ərzində icarədar tərəfindən gölün su balansının tənzimlənməsi, çirklənmə və zibillənməsinin qarşısının alınması istiqamətində heç bir tədbir görülmədiyindən gölün ekoloji tarazlığı pozulmuşdur.

Bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericiliklə təsbit olunmuş səlahiyyətləri çərçivəsində Hacıqabul gölündə yalnız ekoloji nəzarət funksiyasını həyata keçirir və Hacıqabul gölü Nazirliyin təsərrüfat subyekti deyil. Buna baxmayaraq Nazirliyin mütəxəssisləri bir neçə dəfə gölün ekoloji vəziyyətini araşdırmış, göldə ekoloji monitorinqlər keçirmiş və göldə yaranmış fövqəladə vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müvafiq təkliflər göndərmişdir. Lakin bununla bağlı konkret tədbirlərin həyata keçirilməməsi ictimai narahatlığa səbəb olmuş və mətbuatda həyəcan təbili çalınmışdır.

İctimai narahatlıqlara və qurumaqda olan göldəki gərgin vəziyyətə müvafiq, həmçinin gölətrafı ərazilərdə yerləşən Hacıqabul, Sabirabad və Salyan rayonlarının iqtisadiyyatı və ekoloji şəraiti üçün mühüm əhəmiyyəti nəzərə alınaraq, göldə əvvəlki vəziyyətin bərpası, ekoloji şəraitin yaxşılaşdırılması və ya digər mühüm sayıla bilən tədbirlərin müəyyənləşdirilməsi məqsədi ilə ETSN tərəfindən cari ildə yenidən araşdırmalara başlanılmışdır.

Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur:

- Hacıqabul gölü müqavilə əsasında "Hacıqabul balıq" və "Azəri ASC"-yə icarəyə verilsə də, hazırda gölün mülkiyyət sahibi bəlli deyil.

- Balıqçılıq əhəmiyyətli gölün çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması üçün heç bir tədbir görülməmiş, gölü Kür çayı ilə birləşdirən kanallar vaxtında təmizlənməmişdir.

- Gölün tarixən formalaşmış ərazisi torpaq bəndlə iki hissəyə ayrılmışdır (bənd üzərində mülkiyyət hüququ yoxdur).

- Gölün qərb sərhəddi boyu Kür çayından Hərbi Sənaye Nazirliyinin "Cihazqayırma" və "Araz" zavodlarına 50 mm diametrli yeraltı su borusu xətti çəkilmiş və kiçik sahələrdə yerüstü xidmət qurğuları inşa edilmişdir.

- Gölün Hacıqabul ərazisinə aid hissəsində neft quyuları, neft və qaz xətləri mövcuddur.

- Gölün Şirvan şəhərinə məxsus hissəsi tam qurumuş, yulğun, qamış və digər kol bitkiləri ilə örtülmüşdür. Gölün içindən Şirvan şəhərini və ətraflarını Kür çayından götürülən su ilə təmin edən uzunluğu 1700 m, diametri 530 mm olan 3 boru xətti çəkilmişdir.

- Gölün cənub kənarında gölə aid ərazidə 32 yaşayış evi inşa olunmuşdur.

- Gölə təbii yolla Kür çayından su gəlməmiş və Kür çayından nasoslarla suyun vurulması təmin olunmamışdır.

- Göldə suyun dövrülüyünü yaratmaq məqsədilə çıxar suların Şirvan kollektoruna yönəldilməsi üçün quraşdırılmış nasos qurğuları istismara yararsız vəziyyətə düşmüş və nəticədə suyun hidroloji rejimi pozularaq gölün təbii təmizləmə qabiliyyəti azalmışdır.

Qeyd edək ki, Hacıqabul gölündə yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşəbbüslə çıxış edib. Nazirliyin (ETSN) mütəxəssisləri gölətrafı əraziləri tədqiq edib, problemin həlli üçün bütün mövcud imkanlar ətraflı araşdırılıb və ilkin təkliflər paketi hazırlanıb.

ETSN-in hazırladığı ilkin təkliflər paketinə gölün mülkiyyət sahibinin müəyyən edilməsi, Kür çayı sularının nasos qurğuları ilə bərpa edilməli olan 6 km uzunluğa malik torpaq kanalla (mülkiyyət hüququ bəlli olmayan) gölə axıdılması, başlanğıcını Mingəçevir su anbarından götürən Yuxarı Şirvan kanalının davamı kimi inşa olunmaqda olan Hacıqabul Magistral Kanalının suvarma üçün istifadə olunmayan izafi sularının gölə axıdılması, Böyük Qafqazın cənub-şərq yamacından yağıntılar vaxtı axan səth sularının 4 km uzunluğa malik torpaq kanalla gölə axıdılması daxildir.

Bundan əlavə, ETSN qrunt sularının yer səthinə yaxın olduğu gölətrafı sahələrdə gölün şoranlaşmasının qarşısının alınması məqsədilə drenaj sisteminin yaradılması, göldə su mübadiləsinin təmin edilməsi üçün göldən Baş Şirvan kanalına qədər 700 m məsafədə boru kəmərinin çəkilməsi və göl sahilində yeni nasos stansiyasının qurulması, gölün qərb kənarı boyu yerləşn "Bağ massivi"ndən gölə axıdılan məişət - çirkab sularının qarşısının alınması, gölətrafı ərazilərdə təbii və antropogen təsirlər nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi, gölün sanitar-mühafizə zonasına məxsus 70 ha ərazidə mühafizənin gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.

Bütün yuxarıda qeyd olunan məsələləri müzakirə etmək və problemin həlli yollarını müəyyənləşdirmək məqsədilə bir sıra aidiyyəti dövlət qurumlarının, o cümlədən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə ETSN-də geniş formatda müzakirə aparılıb.

Ekologiya və təbii sərvətlər naziri H. Bağırov Hacıqabul gölündə yaranmış vəziyyət barəsində ətraflı məlumat verib və aidiyyəti qurumlara öz iradlarını bildirib. H. Bağırov ETSN-in mütəxəsislərinin göldə vəziyyəti gərginləşdirən amilləri ortaya çıxardığını diqqətə çatdırıb.

Daha sonra tədbirdə digər dövlət qurumlarının nümayəndələri də öz fikirlərini bildirib. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin şöbə rəisi Mətləb Quliyev ümimilikdə həmişə göllərin su təminatı ilə bağlı problemlərin olduğunu, ETSN-in araşdırmalarını və təkliflərini yüksək dəyərləndirdiyini və həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Müzakirələrdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov da çıxış edib. O, Hacıqabul gölünün qurumasının səbəbini 1961-ci ildə regiona Şirvan kollektorunun çəkilməsi ilə izah edib. "Gölə gələn suyun çoxu, həmçinin yeraltı suların da xeyli hissəsi Şirvan kollektoruna vurulub, gölə gələn bir neçə kanallar da var ki, Şirvan kollektoru onların qabağında böyük bir maneədir." Hacıqabul Icra hakimiyyəti nümayəndəsi eyni zamanda gölün 2010-cu ildə özəl təsərrüfatdan alınaraq Hacıqabul gölü kimi rayon ərazisinə qatıldığını, lakin İcra Hakimiyyətinin göldə yaranmış vəziyyəti bərpa etməyə imkanının çatmadığını bəhanə gətirib.

Hacıqabul gölünə yaxın ərazilərdə təsərrüfat obyektləri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nizami Qafarov da məsələyə münasibət bildirib. O, Hacıqabul gölünün status məsələsinin həll olunmasının vacibliyini vurğulayıb və gölün qoruq sahəsinə çevrilməsinin zəruriliyini diqqətə çatdırıb.

Müzakirələrdə digər iştirakçılar da müxtəlif təklif və fikirlər səsləndirib. Bir qrup gölün tamamilə qurudulmasını, digər iştirakçılar, o cümlədən QHT nümayəndələri isə təkidlə Hacıqabul gölünün yenidən bərpa olunmasını və gölə yasaqlıq statusunun verilməsini təklif ediblər. Nəticə olaraq işçi qurupunun yaradılması təklif olunub.

Yekun olaraq Ekologiya və təbii sərvətlər naziri H. Bağırov qeyd edib ki, işçi qrupu nazirliklərarası, ETSN-in nəzdində, yaxud da digər forma və formatda yaradıla bilər. Nazir işçi qrupuna ictimai təşkilatların da cəlb olunmasını, həmçinin Hacıqabul gölünün bərpası ilə bağlı iş planının və ya kompleks layihənin hazırlanmasını təklif edib.

Sonda qısa müddət ərzində işçi qrupunun yaradılması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti