...

Azərbaycanda fermerlər məhsullarının xarab olmasının qarşısını ala biləcəklər

Cəmiyyət Materials 7 Yanvar 2013 16:48 (UTC +04:00)
2015-ci ildən Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının istifadə müddətini artırmaq və bununla da onların tez xarab olmasının qarşısını almaq mümkün olacaq.
Azərbaycanda fermerlər məhsullarının xarab olmasının qarşısını ala biləcəklər

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/

2015-ci ildən Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının istifadə müddətini artırmaq və bununla da onların tez xarab olmasının qarşısını almaq mümkün olacaq. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, bu, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birlikdə icra edilən "Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması" layihəsi çərçivəsində sterilizasiya qurğusu istifadəyə verildikdən sonra mümkün olacaq. Qurğuda qamma şüaları ilə müxtəlif obyektlər şüalandırılacaq və məhsulların istifadə müddəti artırılacaq. Beynəlxalq sistemdə şüalanmaya məruz qala bilən məhsulların siyahısı və bunun üçün zərərsiz doza hədləri də məlumdur. Həmin məhsullar taxıl, quru meyvələr, ədviyyatlar, ət, ət məhsulları, kolbasa, şərab, kartof və digər kənd təsərrüfatı məhsullarıdır.

"Taxılın və kartofun çox hissəsi zay olur. Biz almaların yalnız 30-40 faizini qışda əhaliyə çatdıra bilirik, qalanları çürüyür. Bütün bunların hamısının səbəbi mikroorqanizmlərdir. Şüalandırma da mikrobların öldürülməsi üçün ən mütərəqqi üsuldur", - Qəribov deyib.

O bildirib ki, bu qurğu vasitəsilə ən kiçik dozada şülandırma ilə maddələrdə olan bütün mikroblar məhv ediləcək. Bu doza zərərli olmadığından həmin məhsul insanlar üçün də zərərli olmayacaq. Əgər məhsulun sonrakı təmas mühiti sterilizasiya mühitinə uyğun olacaqsa, onda o, bir dəfə sterilizasiya olunacaq. Sterilizasiya olunmuş meyvə bir il istifadə oluna bilər. Bu halda o nə xarab olacaq, nə də ona mikrob düşəcək. Ancaq bunun üçün sterilizasiyadan sonra bu məhsulların xüsusi kompakt qablaşdırılması aparılmalı və bu qayda ilə də saxlanmalıdır. Məhsulların istifadə müddətini artırmaq üçün fermerlər özləri müraciət etməli və müəyyən qədər maliyyə vəsaiti ödəməlidirlər. Bu vəsaitin nə qədər olacağına gəldikdə, Qəribov deyib ki, bunun üçün ilk növbədə qurğunun statusu müəyyən olunacaq.

"Hələlik bu, akademik qurğudur. Ancaq güman edirəm ki, çox məhsul olsa, onun statusu haqqında ayrıca qərar qəbul ediləcək", - institut direktoru əlavə edib.

Onun sözlərinə görə, artıq qurğunun quraşdırılması üçün tikiləcək binanın layihə-smeta sənədləri hazırlanıb və İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə təqdim edilib. Binanın maliyyələşdirilməsi məsələsi həll edilsə, bu il ərzində binanın tikintisinə başlanıla, gələn ilin sonunadək qurğu orada yerləşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti