...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNICEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2013 13:50 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard arasında görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNICEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd nazirliklə UNICEF-in Azərbaycan nümayəndəliyi arasında uşaqlara qayğı sistemində islahatlara dair 2012-2013-cü illər üzrə iş planının icrası, habelə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsinin aparılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində ötən il həyata keçirilən tədbirlərin müzakirə edilməsi olub.

Görüş zamanı nazirliklə UNICEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və uşaqların müdafiəsi sahəsində aparılan islahatlar prosesinə göstərdiyi dəstəyə görə Fondun Azərbaycan nümayəndəliyinə minnətdarlıq ifadə olunub. Azərbaycan Prezidentinin 9 yanvar 2013-cü il tarixli "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamından söz açılaraq, bu sənədin ölkəmizdə uşaqların müdafiəsinə dövlət başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilməsinin bariz nümunəsi olduğu bildirilib. Sərəncamın Azərbaycan Respublikasının uşaq hüquqları sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulanaraq, onun həyata keçirilməsində UNICEF tərəfindən ekspert dəstəyinin göstərilməsi təklif edilib.

Eyni zamanda, sərəncamın icrasına ölkədə fəaliyyət göstərən ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsinin bu sahədə görülən işlərin səmərəliliyinin təmin edilməsində zəruri olacağı qeyd edilib. Görüşdə həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmət layihələrinin icrasının UNICEF tərəfindən müstəqil monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası və reabilitasiyası məqsəd ilə yaradılmış mərkəzlərin fəaliyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi yüksək qiymətləndirilərək, bu addımın beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən və səmərəli şəkildə icra edilən pilot layihələrin davamlılığının təmin edilməsində nümunə olduğu bildirilib.

Görüşün sonunda nazirliklə UNICEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti