...

Əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya vəfat etdiyi müəyyən edilib (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2013 19:10 (UTC +04:00)
Yanvarın 30-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya vəfat etdiyi müəyyən edilib (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yanvarın 30-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov, Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ATƏT-in Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Dövlət Komissiyasının fəaliyyətini əks etdirən fotostendlə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə Dövlət Komissiyasının sədri Eldar Mahmudov açmışdır. Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının yaradılmasının 20 illiyi münasibətilə təbriklərini çatdırmışdır. O, dövlət başçısının daim milli maraqlar və dövlətçilik mənafelərindən çıxış etmiş, əsir və girov götürülmüş şəxslərin geri qaytarılması, itkin düşmüşlərin taleyinin müəyyənləşdirilməsi kimi yüksək humanitar missiyanı aidiyyati qurumlarla qarşılıqlı əlaqədə layiqincə yerinə yetirmiş, eləcə də informasiya mübarizəsi sahəsində əzmlə çalışan Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Sədr Eldar Mahmudov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və onun İşçi qrupuna göstərilən yüksək etimada və təbrikə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını çatdırmışdır. Dövlət Komissiyasının sədri bildirmişdir ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmamışdır. Bu səbəbdən qurbanların sayı hər gün artır.

Qeyd olunmuşdur ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində hadisələr o qədər sürətlə baş verirdi ki, cəmiyyətdə böyük çaşqınlıq var idi. Yaxınlarını itirmiş insanlar onları harada axtaracağını, kimdən soruşacağını bilmir, əzabları dözülməz həddə çatırdı. Yaranmış humanitar problemin həlli üçün vahid və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi zəruri idi. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı. Ən ağır bir dövrdə, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, müharibə qurbanlarına münasibətdə də özünü göstərdi. Bu iş sonralar da daim dövlətin diqqət mərkəzində oldu. Fəaliyyətə başladığı ilk günlərdən Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq çərçivəsində işləmişdir. Bu səmərəli əməkdaşlıq indi də davam edir.

Sədr Eldar Mahmudov qeyd etmişdir ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyasının tərkibi yeniləndikdən sonra dövlət başçısının diqqət və qayğısı sayəsində əsir-girov və itkinlər probleminə yeni yanaşma baş vermişdir. Qeyd olunmuşdur ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasəti barədə hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirilmiş, ardıcıl xarakter və geniş miqyas almışdır.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirən Eldar Mahmudov, mövcud status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırmışdır. Sədr Eldar Mahmudov ölkə rəhbəri tərəfindən Dövlət Komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məqamların həlli üçün bundan sonra da intensiv çalışacaqlarını bildirmişdir.

Dövlət Komissiyasının katibi Şahin Sayılov qurumun 20 illik fəaliyyəti barədə məruzəsində qeyd etmişdir ki, 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi və hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı və Azərbaycanı parçalanma təhlükəsi, real vətəndaş qarşıdurması ilə üz-üzə qoydu. Belə bir vəziyyətdə, narahatlıq doğuran daha bir ciddi məsələ yaranmış humanitar fəlakətin ən qabarıq və dəhşətli faktorlarından olan - əsir, girov və itkinlərin problemi idi. Həmin dövrü xarakterizə edən əsas cəhət ondan ibarətdir ki, münaqişə qızışdıqca qurbanlar artır, ancaq yaxınları barədə məlumat almaq üçün insanlar müraciət etməyə ünvan tapa bilmirdilər. Erməni əsir-girovluğundan qayıtmış vətəndaşların bir qismində sonradan keçirilmiş tibbi müayinə zamanı yoluxucu xəstəliklər də aşkar olunurdu. Münaqişə ilə bağlı respublikada əhalinin miqrasiyasının xaotikliyi bu işi son dərəcə çətinləşdirirdi. Münaqişənin tarixi ilə yaşıd olan bu problemin həlli təxirəsalınmaz məsələ olduğundan hökmən rəsmi strukturların müdaxiləsi və məqsədyönlü dövlət siyasətini zəruri edirdi.

Dövlət Komissiyası yaradıldıqdan sonra öz işini bütövlükdə müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun surətdə planlaşdırır və həyata keçirirdi. Erməni tərəfi isə həmin beynəlxalq sənədlərə məhəl qoymur və genosid, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndirirdi. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver vasitəsinə çevrilməsinə dair xeyli faktlar toplanılmışdır.

Lakin ümid həmişə yaşayır. İndi də bir çox vətəndaşımız həmin dövrdə itkin düşmüş yaxınlarını axtarmaq və ya düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin meyitlərini almaqda köməklik göstərmək üçün o illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və işləyən ümummilli lider Heydər Əliyevə müraciət etdiklərini, onun diqqət və qayğısını, mümkün yardımlarını minnətdarlıqla xatırlayırlar.

Dövlət Komissiyasında olan faktlar göstərir ki, erməni əsirliyində insanlara qarşı əsil genosid siyasəti həyata keçirilmiş, yüzlərlə həmvətənimiz öldürülmüş, dəhşətli əzab və işgəncələrə məruz qalaraq şikəst edilmişlər. Son illər apardığımız araşdırmalar nəticəsində əsir və girovluqda 553 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir.

Hazırda, BQXK-nın rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri Fərəcov Firuz Mirzə oğludur. Erməni tərəfinin bildirdiyinə görə, guya, F.Fərəcov Vətənə qayıtmaqdan imtina edir. Ümumiyyətlə, azərbaycanlı əsirlərin qayıtdıqdan sonra repressiyalara, təzyiqlərə məruz qalması, incidilməsi, cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar Vətənə qayıtmaqdan imtina etmələri barədə ermənilər tərəfindən xeyli böhtan xarakterli məlumatlar yayılmışdır. Bu iftiraların ortaya atılmasının əsas səbəblərinin ictimaiyyətə çatdırılması, mahiyyətinin açıqlanması Dövlət Komissiyasının vacib vəzifələrindən biri olmuş, bunların erməni tərəfinin siyasi oyunu olduğu, təxribat xarakteri daşıdığı dəfələrlə bəyan edilmişdir. Əsirlərimiz saxlanma yerlərində mənəvi-psixoloji təzyiqlərə, guya, Vətənə qayıtdıqda həbs olunacaqları, incidiləcəkləri barədə yalan və böhtanlara məruz qalmışlar. Əslində, əsirlikdən azad olunmuş 1042 vətəndaşımızdan cəmi 31 nəfəri heç də əsir düşdüklərinə görə deyil, məhz konkret cinayət əməllərinə görə məhkum olunmuşlar. 1994-cü il iyulun 3-də Bakı metropolitenin sərnişin qatarında xeyli insan tələfatı ilə nəticələnmiş partlayış törədən əsirlikdə məxfi əməkdaşlığa cəlb edilmiş vətən xaini Azər Aslanov, erməni əsirliyində olarkən öz həmvətənlərinə işgəncələr verən, onları alçadan İlham Qurbanov, "ağ bayraq" qaldıraraq əlində silah düşmənə könüllü təslim olmuş, satqınlıq etmiş Nizaməddin Bayramov və başqaları bu qəbildəndir. Çoxsaylı faktlar göstərir ki, erməni xüsusi xidmət orqanları Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyətində azərbaycanlı əsir və girovlardan fəal istifadə edir, onlar vasitəsi ilə terror və digər düşmənçilik əməllərini həyata keçirirlər. Belə ki, 107 nəfərin erməni əsirliyində olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilmişdir. Onların böyük əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunmamışlar.

2004-cü ildən etbarən, komissiyanın fəaliyyətində yeni dövr başlandı və köklü dəyişikliklər baş verdi. Prioritet təşkil edən məsələlərin müəyyənləşdirilməsi, kadr probleminin həlli və maddi-texniki bazanın yaradılması əsas amil kimi önə çəkildi. Bu dövrdə başlıca vəzifə, itkinlərlə bağlı Dövlət Komissiyasındakı siyahıda dəqiqləşmənin həlli və bu siyahı ilə BQXK-da olan analoji siyahıdakı fərqin aradan qaldırılması idi. Bu həm də humanitar problemin miqyasının dəqiqləşməsi üçün əhəmiyyətli idi. Bu işin mühüm nəticəsi 2008-ci ilin aprel ayında BQXK və Dövlət Komissiyası arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişinin imzalanması oldu.
Beləliklə, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1045 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılmışdır. Onlardan 386 nəfərinin sağ, 312 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 332 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilmişdir. Bundan başqa, 2280 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanmış və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilmişdir. Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində yaxınlarının və aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 147 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanmış və qeydiyyata götürülmüşdür.

İtkin düşmüş 4031 nəfərdən 877 nəfərinin, o cümlədən 22 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, lakin ermənilərin bunu gizlətməsi barədə Dövlət Komissiyasında konkret faktlar vardır. Erməni əsirliyindən azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilmiş, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilmişdir. Dəlil-sübutlara baxmayaraq, erməni tərəfi bu şəxslərin onlara əsir düşməsi faktını yenə də inkar edir.

Çərçivə sazişi imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə məlumatların toplanması işi idi. Bu iş Dövlət Komissiyasının İşçi qrupunun və BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilmişdir. 26 yanvar 2011-ci il tarixdə BQXK və Dövlət Komissiyası arasında imzalanmış "AnteMortem/PostMortem məlumat Bazasının istifadəsi" üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, artıq 850 nəfər barədə toplanmış məlumatlar elektron məlumat bazasına daxil edilmişdir.

Lakin qeyd olunan işlər qarşıda duran vəzifənin həyata keçirilməsinin ilkin mərhələsidir. Çərçivə sazişinə əsasən, sonrakı mərhələlərdə itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılmasıdır. Dövlət Komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Dövlət başçısı bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş vermiş və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılmışdır. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır.

Dövlət Komissiyasının səyləri nəticəsində 2004-2012-ci illər ərzində əsir və girov götürülmüş 22 nəfər BQXK-nın vasitəçiliyi ilə azad edilmişdir. Bundan başqa, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər Dövlət Komissiyasının siyahısına düşməmiş 54 nəfərin əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınmışdır. Bu müddətdə həmçinin Azərbaycan ərazisində saxlanılmış 21 erməni və 1 meyit də qarşı tərəfə qaytarılmışdır.

Məlumdur ki, Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı münaqişənin həllinin uzanması, eyni zamanda, Ermənistan hərbçilərinin mütəmadi şəkildə atəşkəsi pozması nəticəsində Azərbaycan hərbçilərinin və mülki şəxslərin, o cümlədən uşaqların həlak olması halları davam edir. Komissiya 2004-cü ildən ötən müddət ərzində həlak olaraq düşmən nəzarətində qalmış 3 hərbçinin və 2 mülki şəxsin meyitini alaraq yaxınlarına təhvil vermişdir.

Böyük ictimai rezonans doğurmuş hadisə 2010-cu ilin yayında Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət Ermənistan tərəfindən qaytarılmaması olmuşdur. Onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi isə daha çox narahatlıq yaratmışdır. Bu faktlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.

Bu hadisələr baş verən andan məsələ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Şəhid hərbçilərimiz - Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin alınması ilə bağlı dövlət başçısı tərəfindən bütün göstəriş və tapşırıqlar verilmişdi. Beləliklə, Həştərxan bəyannaməsinə uyğun olaraq, eyni zamanda Dövlət Komissiyasının və beynəlxalq təşkilatların birgə səyləri, aparılan müntəzəm danışıqların nəticəsində 2010-cu ilin noyabr ayının 6-da şəhid hərbçilərimizin meyitləri Ermənistandan alınaraq cənab Prezidentin göstərişi ilə Bakı şəhərindəki ikinci şəhidlər xiyabanında dəfn olunmuşlar.

Humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikasının Dövlət Komissiyası itkin düşdüyü bildirilən və BQXK tərəfindən siyahısı təqdim olunan 416 erməninin də axtarışını diqqət mərkəzində saxlayır. Bu şəxslərdən 211 nəfəri Dağlıq Qarabağ bölgəsində yaşamış Azərbaycan Respublikasının vətəndaşları olmuşdur. Araşdırmalar zamanı onlardan 27 nəfərinin ümumiyyətlə, münaqişəyə aid olmadığı və hərbi əməliyyatların getdiyi Azərbaycan Respublikasının ərazisində itkin düşmədiyi, 25 nəfər Ermənistanda, 2 nəfər isə Gürcüstanda aşkarlanmışdır.

Bu illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq əlaqələri də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Azərbaycan reallıqlarının, Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün geniş işlər aparılmışdır. Ümumiyyətlə, 2004-2012-ci illər ərzində Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən çox dildə hazırlanmış iki yüz mindən artıq təbliğat vasitəsi respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına, politoloq və konfliktoloqlara, xarici dövlət və ictimai xadimlərinə göndərilmiş, keçirilmiş tədbirlərdə yayılmışdır. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək olar ki, hamısını əhatə edir.

Ermənistanın təcavüzü ilə birlikdə yaranmış əsir-girov və itkinlər problemi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ona görə də vətəndaşlarımız əmindirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hər bir insanımızın sonrakı taleyi aydınlaşana qədər Komissiya Vətən və Dövlət tərəfindən onun qarşısında qoyulmuş missiyanı layiqincə həyata keçirəcəkdir.

İclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü ən ağır problemlərdən biri - əsir, girov və itkinlər problemi kimi humanitar fəlakət yaratmışdır. Artıq 20 ildir ki, Dövlət Komissiyası fəaliyyət göstərir. Bu illər ərzində geniş dövlət və ictimai təbəqələri təmsil edən Komissiya insanlarımızın ümidlə baxdığı bir ünvan olmuşdur. Bütün bu müddət ərzində Komissiyanın fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuş, günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün bütün zəruri şərait yaradılmış, maddi-texniki baza ildən ilə möhkəmləndirilmişdir. Bu iş gələcəkdə də davam etdiriləcəkdir. Çünki Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişə hələ də davam edir. Hələ də Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində insanlarımız həlak olur, əsir və girov götürülür. Odur ki, Dövlət Komissiyasının fəaliyyəti önəmlidir və onun məqsədyönlü surətdə davam etdirilməsi zəruridir.

Baş nazirinin müavini Əli Həsənov qeyd etmişdir ki, Ermənistanın təcavüzkar və terrorçu dövlət kimi tanıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursa əlverişli şəraitin yaradılması üçün Dövlət Komissiyası son illər daha səmərəli və məqsədyönlü fəaliyyət göstərmişdir. Bu istiqamətdə hərtərəfli tədbirlər görülməklə, təbliğat işi gücləndirilmiş, informasiya mübarizəsinin effektivliyi yüksəlmişdir. Sözsüz ki, Dövlət Komissiyasının uğurlu fəaliyyətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Dövlət Komissiyası tərəfindən ötən ildə görülmüş işlərin yekunlarına dair çıxış edən İşçi qrupunun rəhbəri Firudin Sadıqov bildirmişdir ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələrin və onların saxlanması barədə təşkilati məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər BQXK ilə müzakirə olunmuş, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılmışdır.

Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində 30 noyabr 2012-ci il tarixdə Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, Azərbaycan - Ermənistan sərhədində, qoşunlarının təmas xəttində növbəti humanitar aksiya həyata keçirilmişdir. Prosesdə həmin il noyabrın 12-də Qazax rayonu, Alpoud kəndi istiqamətində Ermənistan hərbçiləri tətəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu azad edilmişdir.

Ötən il itkinlərin axtarışı istiqamətində aparılmış araşdırma zamanı 20 nəfərin də döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınmış və adları müvafiq siyahıya salınmışdır. 38 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılmışdır. 38 nəfərdən 5 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 26 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilmişdir. 13 nəfərin də axtarış siyahısından çıxarılması üçün tədbirlər davam etdirilir. 1 dekabr 2012-ci il tarixə olan məlumata görə, 4031 nəfər itkin düşmüş, 1402 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 33 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilmişdir. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 125 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilmişdir.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 606 nəfər barədə 961 sorğu göndərilmişdir. 1567 itkin barədə toplanmış əlavə məlumat və materiallar onların işlərinə əlavə olunmuşdur.

Azərbaycan Respublikasının təşəbbüsü ilə BMT İnsan Hüquqları Komissiyasının və Baş Assambleyanın müvafiq sessiyalarında qəbul edilmiş "İtkin düşmüş şəxslər" adlı qətnamənin icrası barədə Baş katib tərəfindən İnsan Hüquqları Şurası və Baş Assableyanın 67-ci sesiyasında hesabatın təqdim edilməsi ilə bağlı Xarici İşlər Nazirliyindən daxil olmuş sorğuya əsasən, geniş məlumat hazırlanaraq göndərilmişdir.

Dövlət Komissiyasında və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 232 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilmişdir. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 67 sorğu icra olunmuşdur. Dövlət Komissiyasına müraciət etmiş 758 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunmuş, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilmiş, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilmiş, anket vərəqələri doldurulmuşdur.

Ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Dövlət Komissiyası beynəlxalq silsilə tədbirlərin keçirililməsinə yardımçı olmuşdur.

Ötən il keçirilmiş tədbirlərdə 1300 nüsxə azərbaycan, rus ingilis dillərində Dövlət Komissiyasının materiallar toplusu, 6317 ədəd "Erməni terroru", "Преступление армянских террористических и бандитских формираваний против человечества", "Bizi əsirlikdən qurtarın", "QSM-7 təsdiq edir", "Qarabağ: dünən, bu gün fotoşəklillərdə" adlı kitablar, 18127 ədəd isə kitabların DVD versiyası yayılmışdır. Bu işdə Komissiyanın üzvləri, dövlət və qeyri-hökumət təşkilatları yaxından iştirak etmişlər.

Çıxışlar bitdikdən sonra məruzələr ətrafında müzakirələrdə Komissiyanın üzvləri Yaqub Mahmudov, Rəbiyyət Aslanova, Xələf Xələfov, İsmayıl Ömərov və başqaları çıxış edərək 20 il qol qət etmiş, ağır və eyni zamanda şərəfli bir missiyanı həyata keçirən bu qurumun fəaliyyətinin yüksək qiymətləndirdiklərini, görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə böyük rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildirmişlər. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılıması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və koordinasiya işinin gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur. İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Tədbirin sonunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş "Tarixi humanitar missiya" sənədli filmi nümayiş edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti