Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "103" mərkəzi dispetçer xidmətinə stasionar telefon şəbəkəsindən daxil olan zənglərin telefon nömrələri və ünvanları onlayn təyin olunacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, bunun üçün Səhiyyə Nazirliyinin müvafiq informasiya sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub və RİTN-in "Stasionar telefonların abunəçi kartotekası üzrə informasiya sistemi" onlayn sorğusundan istifadə edilməklə elektron xidmət tətbiq olunub.
"Elektron hökumət" portalı üzərindən inteqrasiya olunan xidmət informasiya sistemləri arasında qarşılıqlı informasiya mübadiləsinin təşkili "Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri"nin formalaşdırılması nəticəsində mümkün olub.