...

Gənc alimlər üçün yeni müsabiqə elan olunub

Cəmiyyət Materials 1 Fevral 2013 12:34 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 2010-cu ilin iyun ayından bu günə qədər elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 150-dən artıq layihəni maliyyələşdirib.
Gənc alimlər üçün yeni müsabiqə elan olunub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 2010-cu ilin iyun ayından bu günə qədər elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 150-dən artıq layihəni maliyyələşdirib.

Trend-in məlumatına görə, bu barədə 2012-ci il üçün 2-ci qrant müsabiqəsinin qalib layihə rəhbərləri və Fondun əvvəlki müsabiqələrində uğur qazanmış layihə rəhbərləri ilə görüş zamanı Fondun icraçı direktoru Elçin Babayev deyib.

Onun sözlərinə görə, sonuncu müsabiqə üzrə elmin müxtəlif sahələrini əhatə edən 39 qalib layihə müəyyənləşdirilib.

Babayev Fonda təqdim edilən layihələr arasında biologiya, tibb və aqrar elmlər sahəsində layihələrin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu il Fond tərəfindən 6 qrant layihəsinin elan edilməsi nəzərdə tutulur.

"2012-ci ilin 2-ci müsabiqəsi üzrə 4 pilot layihə qalib olub. Ümumi həcmi 5 milyon 600 min manat olan layihələr fizika, genetika və kimya elmlərini əhatə edir. Cari müsabiqənin nəticələri üzrə ümumi həcmi 1 milyon 585 min manat olmaqla 27 fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri maliyyələşdiriləcək", - Babayev deyib.

Onun sözlərinə görə, həmçinin Fond Azərbaycanda "Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması" üzrə beynəlxalq elmi konfransın təşkili və keçirilməsini, İngiltərə, Türkiyə və Rusiyada 3 qısamüddətli elmi təcrübə keçməni elmi tədqiqatların maddi-texniki təminatını nəzərdə tutan 3 layihəni və 1 elmi nəşri dəstəkləyəcək.

Babayev, həmçinin 2 fevral - Gənclər Gününə töhfə olaraq gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsini elan edib. Onun sözlərinə görə, müsabiqə üzrə layihələrin maliyyə həcmi 500 min manat təşkil edəcək.

Babayev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq çalışan gənc alimlər haqqında məlumat bankının ilkin versiyasının hazırlandığını da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti