...

Azərbaycanın penitensiar müəssisələrində 23 Türkiyə vətəndaşı cəza çəkir

Cəmiyyət Materials 7 Fevral 2013 18:29 (UTC +04:00)
Penitensiar Xidmətdə Türkiyə Ədliyyə Nazirliyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanın penitensiar müəssisələrində 23 Türkiyə vətəndaşı cəza çəkir

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətdə Türkiyə Ədliyyə Nazirliyi nümayəndə heyəti ilə görüş keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Türkiyə Ədliyyə Nazirliyi Baş İdarəsinin rəis müavini doktor Fazil Doğan, şöbə rəisi Ahmet Başaran, hakimlər Mustafa Burak Çil və Mehmet Takımsu, eləcə də Türkiyənin Azərbaycandakı konsulu xanım Məryəm Tirakdan ibarət nümayəndə heyətini qəbul edib.

Quliyev Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın penitensiar nüəssisələrində təqsirləndirilən və ya məhkum olunmuş xarici ölkə vətəndaşlarından 23 nəfəri Türkiyə vətəndaşıdır.

İki qardaş ölkə arasında məhkum mübadiləsinə dair bağlanmış müqavilələrə və beynəlxalq konvensiyalara əsasən məhkum mübadiləsi sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ həll olunması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi, eyni zamanda, penitensiar sahədə əməkdaşlığın daha da genişləndirilməsi məqsədəmüvafiq hesab olunub.

Türkiyə nümayəndə Penitensiar tarix muzeyində də olub.

Səfər çərçivəsində Türkiyə Ədliyyə Nazirliyi nümayəndə heyətinin bəzi cəzacəkmə müəssisələrinə baş çəkəcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti