Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/
Fransanın "Ariane 5 ECA" raketdaşıyıcısının köməyi ilə Azərbaycanın orbitə buraxılan "Azerspace/Africasat-1" peyki artıq Bakı vaxtı ilə saat 02:11-də orbitə yetişib. Trend-in məlumatına görə,"Azerspace-1" peyki startdan 35 dəqiqə sonra daşıyıcı raketin gövdəsindən ayrılıb.
Qeyd edək ki, "Azerspace/Africasat-1"-in buraxılışı Bakı vaxtı ilə saat 01:36 Qviana Kosmik Mərkəzindən həyata keçirilib. "Ariane 5 ECA" "Azerspace" ilə yanaşı, İspaniyanın "Amazonas-3" rabitə peykini də orbitə buraxıb.
STAR-2 platformasında tikilən Azerspace/Africasat-ın faydalı yükü 36 transponderdən (24 C-band transponderi və 12 Ku-band diapozonlu transponder) ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHs-dir. Peykin çəkisi təqribən 3275 kiloqramdır. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.
Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace/Africasat1"-in xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.
"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir.
Azərbaycanın "Azerspace/Africasat-1" telekommunikasiya peyki rəqəmsal teleradioyayım xidmətləri, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, "VSATmultiservis" şəbəkələrinin yaradılmsı, eləcə də hökumət əlaqələrinin təmin edilməsi üçün nəzərdə tutulub.