...

Məişət zorakılığı sahəsində yeni layihənin təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 18 Fevral 2013 12:28 (UTC +04:00)
"Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.
Məişət zorakılığı sahəsində yeni layihənin təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

"Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə gerçəkləşdirilən "Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.

Layihənin məqsədi qadınların hüquqları, sosial və iqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi, eləcə də qadınlara qarşı zorakılıq edilməsi ilə mübarizəni dəstəkləməkdir.

Layihə çərçivəsində qadınların sosial iqtisadi potensiallarının genişləndirilməsi, ailədaxili zorakılığın qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailədaxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardım göstərilməsi nəzərdə tutulur.

Təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu istiqamətdə nə qədər çox işlər görülsə də, əfsuslar ki, cəmiyyətin dəstəyə çox böyük ehtiyacı var.

Bu layihəni isə çox müsbət qiymətləndirən komitə sədri digər qeyri-hökumət təşkilatlarını da bu məsəldə təşəbbüs göstərməyə səsləyib və bildirib ki, bu, çox gözəl nümunədir və onun nəticəsini yaxın zamanlarda görmək mümkün olacaq.

"Erkən nikah da məişət zorakılığının bir halıdır. Biz bir çox rayonlarda bunun qarşısını ala bildik", - Hüseynova qeyd edib.

Komitə sədri bütün cəmiyyətə komitə ilə əməkdaşlıq etməyə və bu sahədə dəstək olmağa çağırış edib.

Qeyd olunub ki, Avropada hər 5 ailədən birində məişət zorakılğı baş verir, hər 7 qadından biri də bu zorakılığa məruz qalır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, kimliyindən asılı olmayaraq, hər bir qadın bununla rastlaşa bilər. Zorakılıq birinin digərinin hüquqlarını pozması, birinin digəri üzərində üstünlüyünü digərinin alçalması hesabına təsdiqidir.

"Təkcə qadınlar yox, kişilər də eyni formada zorakılığa məruz qala bilər. Bu problemin cəmiyyətdən uzaqlaşdırılması üzərində düşünülməlidir. Cəmiyyətin buna baxışında dəyişiklik edilməli, etinasızlıq aradan qaldırılmalıdır. Azərbaycanda məişət zorakılığının aradan qaldırılması üçün ciddi tədbirlər görülür və bunlar öz nəticələrini göstərəcək. Məni narahat edən məsələ odur ki, mediada məişət zorakılığı, qadınların zorakılığa məruz qalması haqqında çoxlu məlumatlar yayılır və bu, çox zaman reklam xarakteri alır", - Aslanova bildirib.

Millət vəkilinin fikrincə, xüsusən internet saytlarda və qəzetlərdə belə halların manşetlərə çıxarılması və təbliğ edilməsi yolverilməzdir.

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia bildirib ki, layihədə yer alan məlumatlar ictimaiyyətə daha geniş formada çatdırılmalıdır. Hər bir kişi bu məlumatları dinləməlidir.

Onun sözlərinə görə, zorakılıq elə bir məsələdir ki, bütün qadınlara təsir edir. Dünyada 70% qadın fiziki zorakılığa məruz qaldığını ifadə edib. Bunların səbəbkarları isə çox zaman kişilər olur. Qurbanlar isə çox zaman sevilən şəxslər olur.

"Bu sadəcə cinayət deyil, eyni zamanda, rəzalətdir və kişilərə yaraşmayan hərəkətdir", - Kobia qeyd edib.

Aİ rəsmisi bildirib ki, bu hal bütün cəmiyyətlərə təsir edir və çox zaman qorxulu forma alır. Ailə-məişət zorakılığı qurbanlarının 10-dan 9-u qadınlardır. Bu, eyni zamanda, uşaqlara təsirsiz ötüşmür.

"Bu zorakılığın qarşısını almalı, preventiv, qabaqlayıcı tədbirlər görməliyik. Eyni zamanda, qadınlara imkanlar yaratmalı, iş imkanları təqdim etməliyik", - Kobia vurğulayıb.

BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Antonius Broek bildirib ki, yoxsulluğun aradan qaldırılması, qadınlar üçün iş yerlərinin yaradılması, onların sosial statuslarının qaldırılması bu istiqamətdə müsbət təsir göstərə bilər.

BMT nümayəndəsi Azərbaycanda bu məsələlərə xüsusi diqqət yetirildiyini təqdir edib. Bununla belə, o, çoxlu sayda çətinliklərin olduğunu da qeyd edib. Onun fikrincə, qanunvericiliyin qəbulundan əlavə, maarifləndirmə işlərinin aparılması da önəmlidir.

"Qadınlar pulsuz tibbi və hüquqi yardımlarla təmin olunmalıdır. İqtisadi asılılığın azaldılması istiqamətində layihələr həyata keçirilməlidir. Qadınlar daha çox səlahiyyətləndirilməli, daha çox müstəqil olmalıdırlar", - Broek vurğulayıb.

O, bu istiqamətdə siyasi iradənin nümayiş etdirilməsini təqdir edib və bunun nəticə verəcəyini bildirib. Broek müştərək əməkdaşlığın davam etdiriləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti